Qərbi Azərbaycan Folkloru Antologiyası çap olunacaq
Bəlli olduğu kimi, AMEA-nın Folklor İnstitutunda ayrı-ayrı regionlardan folklor nümunələrini toplanılaraq çap edilməsi işi yüksək səviyyədə davam etməkdədir. Folklor İnstitutunu direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılov bugünki Azərbaycan sərhədlərindən kənarda yaşayan folklor örnəklərimizin də toplanılması işinə xüsusi diqqət yetirir. Təsadüfi deyildir ki, artıq Folklor İnstitutunda Azərbaycan Folklor Antologiyası seriyasından Dərbənd Folkloru Antologiyası işıq görmüşdür. Bu işin davamı olaraq Güney Azərbaycan Folkloru Antologiyası da çapa hazırlanmaqdadır.
Nümunələri toplayanlardan biri kimi Aqşin Ağkəmərli qeyd edir ki, “bu kitabın araya-ərsəyə gəlməsi ideyası Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılova məxsusdur. Qərara gəldik ki, işıq üzü görəcək kitabda Güney Azərbaycanımızın adət-ənənələri, etnoqrafiyamızla bağlı soraqlar olsun. Bu kitabda Güney Azərbaycanın Şəbüstər (Güney) mahalının folkloru, etnoqrafiyası, adət-ənənələri ifadəsini tapacaq”.
Qeyd etmək lazımdır ki, bu kitabda çap olunacaq folklor nümunələri və etnoqrafik materiallar güneyli araşdırmaçılar tərəfindən vaxtilə toplanılıb. İndi isə bu kitabda hər şey sistemli, birləşdirici formada ifadəsini tapacaq. Kitabda Şəbüstəri mahalının zəngin tarixi, mədəniyyəti folklor soraqlarında çox gözəl əks olunmuşdur.
Təbii ki, işıq üzü görəcək kitab zəngin Güney Azərbaycan folklorunun az bir hissəsini əhatə edir. Kitabda Şəbüstər mahalının folklor nümunələri öz dili, hətta şivə xüsusiyyətləri ilə birgə ifadəsini tapacaq. Yeri gəldikcə gərəkli izah və qeydlər zəngin folklor materiallarını müşayət edəcək. Kitabda A.Güneylinin, Əbdüləli Mücazinin, Doktor Zehtabinin, D.Xəlilin, Hiqabinin və başqalarının topladığı folklor materiallarından istifadə edilib.
Toplanan folklor materialları Azərbaycanın Güneyli-Quzeyli, tarixi-mənəvi cəhətdən bir olduğunu sübut edən qiymətli bir mənbədir.
AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev |