
Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması layihəsinə dair
Folklor İnstitutu Qarabağ layihəsinin icrasına 2012-ci ildən başlamışdır. Bu müddət ərzində IX cilddən ibarət “Qarabağ: folklor da bir tarixdir” toplusu işıq üzü görmüş, Qarabağ xalq mahnıları və xalq oyunlarından ibarət CD-lər buraxılmışdır. Ümumiyyətlə, layihə çərçivəsində bölgədən 300-dən artıq mifoloji mətn, 1250-ə yaxın əfsanə və rəvayət, 400-dən artıq nağıl, 500-dən artıq lətifə, 750-dən artıq atalar sözü və məsəl, 2500-ə yaxın bayatı, həmçinin laylalar, oxşa¬malar, düzgülər və uşaq folkloruna aid digər nümunələr toplanaraq elmi ictimaiyyətə təqdim edilmişdir. Bu toplularda bölgədə yaşayan kəbirli, afşar, şahsevən, qaradolaq, təhlə, muğanlı, bozax və s. tayfaların keçmişinə, tarixinə, etnoqrafiyasına dair materiallar, həmçinin sovet rejiminə qarşı mübarizə aparmış qaçaqlar haqqında tayfa mənsublarının dilindən yazıya alınmış maraqlı məlumatlar yer almışdır. Bunun sayəsində həmin toplular folklorşünaslarla yanaşı, tarixçilərin, etnoqrafların, dialektoloqların müraciət edə biləcəyi bir mənbəyə çevrilmişdir. Bu toplular həm də Azərbaycan folklorunun müasir vəziyyətini, sosial-iqtisadi dəyişikliklərlə əlaqədar folklorda gedən prosesləri izləmək üçün əvəzsiz mənbə rolu oynayır.
Layihə çərçivəsində Qarabağ xalq oyunları da diqqətdə saxlanılmış və Ağdam, Tərətər, Cəbrayıl, Beyləqan və Kəlbəcər rayon sakinlərindən 45-dən artıq uşaq oyunu yazıya alınmış, bir çox oyunlar videolentə köçürülmüşdür.
Layihə bir çox başqa yenilkiləri ilə də diqqəti cəlb edir. Layihə çərçivəsində 40-a yaxın yeni nağıl süjeti, Lotu Qəmbər, Bic Paşa, Dəli Bavış, Rəfi, Kalvalı kimi yeni lətifə qəhrəmanları üzə çıxarılmış, Əli Süleymanov, Musa Bayramov, Narış Bayramova, Abbas Abbasov kimi xüsusi ifaçılıq qabiliyyətinə malik usta söyləyicilərin zəngin repertuarı toplanaraq çap olunmuşdur. Həmin mətnlər gələcəkdə söyləyici məsələsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində görülən işlərin yekunu olaraq 2012-ci il dekabrın 26-da Bakı şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda I Respublika Elmi Konfransı, 2013-cü ildə noyabrın 15-də Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II Respublika Elmi Konfransı, 2014-cü il noyabrın 14-də Tərtər şəhərində “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmiş və konfrans materialları çap olunaraq elmi ictimaiyyətə təqdim edilmişdir.
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 1
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 2
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 4
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 5
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 6
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 7
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 8
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 9
QARABAĞ: FOLKOR DA BİR TARİXDİR - 10 |