Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
19.03.2021

Qumru ŞƏHRİYAR
AMEA Folklor İnstitutu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qarabağda bayram var…

Fəsillər bir-birini əvəz etdikcə təbiət də öz libasını dəyişir. Yayda torpaq qovuran istisini qızıl payızla əvəzləyən təbiət qışdan sonra bəm­bəyaz gəlinliyini soyunaraq yeni həyat rəmzi olan yaşıl donunu geyinir. Baharın gəlişini ilk olaraq qaranquşlar xəbər verir, onun ardınca qar altından nərgiz, bənövşə boynunu bükə-bükə boylanır.
İnanca görə, Ulu Tanrı dünyanı gecə ilə gündüzün bərabər olduğu Novruzda yaradıbdır. İnsanlığın əcdadı sayılan Adəmin palçığı Novruz günündə yoğrulubdur. Həzrəti Nuhun yerə ayaq basdığı gün də Novruz günü idi. Tanrı bütün ulduzlara öz çevrələrində dolanmalarını da Novruz günündə əmr etmişdir. Həzrəti Əlinin doğulduğu və taxta çıxdığı gün də Novruz gününə təsadüf edir (Bəydili C. Yaz bayramı ilə bağlı bir sıra mifoloji obraz və anlayışların simvolikasından. “Dədə Qorqud” toplusu, Bakı, 2003/1, s.102).
Bayrama ən azı bir ay qalmış ev-eşik, paltar-palaz, həyət-baca təmizlənir, bayram hazırlıqları görülür, müxtəlif şirniyyatlar hazırlanırdı. Bayram ərəfəsində böyüklərlə bayramlaşır, ölülərinin qəbirlərini ziyarət edirlər (Cəbrayılda Novruz bayramı ərəfəsində, Zəngilanda isə ilaxır çərşənbədən öncəki cümə axşamında).
Zəngin kulinariyaya sahib olan xalqımız Novruz bayramında bişirdiyi bəzi şirniyyatları günəşi, ayı, ulduzları simvollaşdıraraq hazırlayır. Məsələn, şəkərbura ayın, qoğal isə günəşin rəmzi sayılır.
Novruz bayramında süfrələrə şirniyyat xonçalarının düzülməsi vacibdir. Bu bayramında bişirilən şirniyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Bunu bayram şirnilərinin formal əlamətləri də təsdiqləyir. Bu formal əlamətlər içərisində günəş və ay kultunun üstünlüyü özünü açıq şəkildə büruzə verir. Şəkərbura, badambura aypara şəklinə salınaraq ayı simvolizə edirsə, şəkərçörəyi, ballıbadı və “qara bayram” keçirilən evlərdə bişirilən şorqoğalın girdə forması günəşə işarədir (Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı, Səda, 2002, s.152). Burada diqqəti bir nüans da cəlb edir. Ayı simvollaşdıran şirniyyatlar – badambura, şəkərbura sarı, günəşi simvollaşdıran şirniyyatlar – şorqoğal, şəkər­çörəyi isə sarı-qırmızı rəngdə olur. Paxlava da astral kulta əsasən ulduzları simvollaşdırır. Onun romb şəklində olması buna işarədir. Süfrələrin bəzəyi olan plov isə bayram axşamı üçün çox vacib atributdur. İslam dini inanclarına görə, düyü müqəddəs hesab olunur və bolluq rəmzidir.
Azərbaycan milli mədəniyyətində özünəməxsus yerlərdən birini tutan səməni həm baharın gəlişindən, həm də təbiətin oyanmasından xəbər verir. Nəsilartırmanın, məhsuldarlığın rəmzi sayılan səməni xəstəliklərin sağalmasında, arzuya çatmaqda, qarşıdan gələn ilin bolluq olub-olmamasını öyrənməkdə böyük rol oynayırdı:
Səməni, saxla məni,
İldə cücərdərəm səni.
– deyərək səməniyə niyyət etməyimiz də ona olan inancımızdan irəli gəlir. Qədimdə uşağı olmayan, sonsuz qadınların çilləsi səməninin köməyi ilə kəsilirdi. Bunun üçün həmin qadının başına Novruz günlərində göyərdilmiş səməni qoyulur, bir qadın qaba su tökür, diyəri də qabdan yerə tökülən suyu qayçılayır və: “Ay bunu göyərdən, bu gəlini də göyərt” – deyirdi (Bəydili C. Yaz bayramı ilə bağlı bir sıra mifoloji obraz və anlayışların simvolikasından. “Dədə Qorqud” toplusu, Bakı, 2003/1, s.103).
Otuz il bundan qabaq erməni işğalından öncə Qarabağda bayram əhval-ruhiyyəsi bir başqa olurdu. Xatirələrimizdəki bayram ənənələrinə dayanaraq otuz il əvvəl Qarabağın dilbər güşələrindən olan Cəbrayıl rayonunda keçirilən Novruz adətlərini yada salmağa çalışaq. Yuxarıda qeyd etdiyimiz kimi bayram hazırlıqları ən azı bir ay əvvəldən başlayırdı. Bayram günü isə rayonun mərkəzində böyük bir çadır – mağar, ortasında dar ağacı və şahın taxtı qurulardı. Bayram axşamı rayonun bütün əhalisi buraya toplaşardı. Gülüş səsləri o günlərin bəxtəvərliyinin əks-sədasını göylərə qaldırardı… Şah (rayonda fəaliyyət göstərən mədəniyyət mərkəzlərində çalışan aktyorlardan bir nəfəri şah seçirdilər) vəzir-vəkili, əyanları ilə birlikdə atın belində bütün rayonu dolaşıb, əhalinin güzəranı ilə tanış olub taxtına gəlirdi. Bundan sonra əvvəlcə əhalinin şikayətləri dinlənilirdi. Burada adi məişət problemlərindən tutmuş şəxsi xahişlərə qədər eşidilirdi.
Bu şikayətlərin ən maraqlı məqamı küsülülərin barışdırılması idi. İki nəfərin küsülü olduğundan xəbərdar olan üçüncü şəxs şahdan onların barışmasını istəyirdi. Şah onlara barışmağı əmr edirdi. Həmin küsülülər o qədər adamın qarşısında etiraz edə bilmir, barışırdılar.
Şikayətin digər maraqlı anı şahın verdiyi cəzalar idi. Yaşı bir az çox olan insanlar özlərini xəstəliyə vurub bu məclisə gəlmək istəməyəndə onun ailə üzvləri şaha şikayət edirdilər. Şah da onu elə xəstə yatağında məclisə gətirməyi əmr edirdi. Əyanları və cəlladları şahın əmrini icra edirdilər (rayonda keçirilən ən son bayramın videolentində də bu kadrlar öz əksini tapmışdır). Bundan başqa, yaşı daha gənc olanları şah hətta cəza vermək üçün dar ağacından da asırdı (çadırın ortadında qurulmuş dar ağacınan sallanan ipi gəncin belinə keçirib onu havaya qaldırırdılar).
Bundan sonra idman oyunları, pəhləvan yarışları keçirilirdi. Daha sonra isə çal-çağır başlayırdı. Səhərə qədər xalq əylənirdi. Günəşi qarşılayırdılar.
Yaşlıların dediyinə görə (bunu babam Şəhriyar Quliyevdən də eşitmişəm), qədimdə bayram günündən bir gün əvvəl camaat niyyət tutub Qurban təpəsində yemək bişirir, sübh tezdən, səhər günəş çıxmamış qazanın ağzını açıb bir boşqab yemək çəkib günəş çıxan istiqamətə atırmışlar. Bu, günəşə qurban vermə adəti idi. O adət son dövrlərdə icra olunmurdu.
Uşağı olmayan qadınlar pirə, ocağa gedər, əl yaylıqlarından beşik düzəldib pirdəki ağaca asır, beşiyin də içinə şirini qoyurdular. Bu zaman əgər beşik yırğalanarsa, həmin il niyyət tutanın uşağı olacağına inanılırdı.
Bir də Novruz bayramında və İlaxır çərşənbədə qadınlar saçlarına, kişilər yaxalarına qırmızı lent bağlayırdılar. Deyilənə görə, bu əziz günlərdə Həzrəti Cəbrail yerə enir, evlərin damlarında gəzir, kimin saçında qırmızı görərsə, onun könlü xoş olur, o evin ruzi-bərəkətini bol edirdi.
Novruz bayramında səməninin yaraşıq verdiyi Novruz xonçasına şam da düzürdülər. Evdəki adamların sayına görə yandırılan şamlardan hansı tez sönsə, onun arzusunun birinci həyata keçəcəyinə inanırdılar. Zəngilanda isə inanca görə, kimin adına yandırılan şam tez sönsə, onun ömrü qısa olar.
Çox təəssüf hissi ilə demək istəyirəm ki, Qarabağda otuz il əvvəl icra olunan bir çox bayram ayinləri və ritualları bu gün artıq icra olunmur. Çünki qaçqın düşmüş əhali artıq məskunlaşdıqları bölgələrin adətlətini mənimsəyib, onlara ayaq uydurmağa çalışıblar.
Uzun illər əvvəl Novruz bayramı ilə bağlı yazdığım yazıların birini aşağıdakı sözlərlə bitirmişdim: “Gəlin, arzu edək ki, bu bayramda evlərimizdə yanan hər şam Qarabağda bir tonqal olsun”. Novruz bayramı arzular, niyyətlər bayramıdır. Arzuların çin olduğuna inanılan bayramdır. Hər il arzuladığımız Qarabağda tonqal qalayaq, bayram keçirək arzusu nəhayət ki, həyata keçdi. Şükür ki, Qarabağda qalanan tonqalımızın alovu ərşə işıq saçdı. Şəhidlərimizin, bu günə sevinək və qürurlanaq deyə canlarından keçən igidlərimizin ruhu şad olsun…

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.