Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.01.2021

Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qəhrəmanlıq dastanından qəhrəmanlıq savaşına...

Otuz il idi ki, bütün yazılarımızın tək mövzusu Qarabağ idi. Novruz bayramında belə yazdığımız yazıların adı “Əsir düşmüş ənənə” olurdu. Qarabağsız bu otuz il elə bir nisgil, elə bir kədər idi ki, onsuz yaralı, sınıq taleyimizə, ömrümüzə də sahib çıxa bilmədik... Qarabağsız bu otuz il elə bir yanğı idi ki, Ağabəyim ağanın:
“Vətən bağı” al-əlvandır.
Yox içində Xarıbülbül,
Yaxud:
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ,
– deyərək yana-yana oxuduğu bu misralar o dərdin yanında xəfif qalırdı. Və yenə Qarabağsız bu otuz il Xançobana ünvanlanan:
Gedin, deyin Xançobana
Gəlməsin bu il Muğana
Muğan batıb qızıl qana
– sözləri o harayın yanında bir piçiltı idi. Qarabağda qızıl qan gölü Muğandan daha böyük idi.
Qarabağdakı bu savaşın başlaması üçün ölkənin siyasi durumu və ictimai-sosial psixologiya Xocalı boyda faciədən sonra ancaq otuz ilə bərpa ola bildi. XX əsr Holokost, Cilovluq hadisələri, Katın qətliyamı, Babi Yar qırğını, Tibet hadisələri, Liviya qırğını kimi bir çox soyqırımlar görmüşdü, ancaq Xocalı soyqırımı öz miqyasına görə bütün bu hadisələrin hamısını üstələdi.
Qarabağ savaşının on milyon əsgəri var idi. Bu əsgərlər xüsusi təlim keçməmişdi. Döyüşkənlik ruhu, yurd sevgisi onların qanında, genində var idi. Biz savaşmayaq, qan tökməyək, əlimizə silah almayaq deyə düz otuz il ATƏT-in Minsk qurupuna və onun kimi bir çox təşkilat və qurumlara müraciət etdik. Yeri gəldi, xahiş etdik, yeri gəldi bağırdıq, amma səsimizi duydura bilmədik. Biz ayağa qalxanda isə hamı bizi sakitləşdirməyə, susdurmağa çalışdı. Bu hadisə mənə dissertasiyamın əsas obyekti olan “Edigey” dastanından bir süjeti xatırlatdı.
Dissertasiyamın mövzusu “Edigey dastanının variantları və tipologiyası”dır. İşə ilk olaraq dastanı Azərbaycan dilinə tərcumə edərək başladım. Burada bir haşiyə çıxaraq qeyd edim ki, Edigey Noqay Ordasının qurucusudur və sağlığında onun qəhrəmanllığına və şücaətinə həsr olunmuş dastanı özü dinləməyə müvəffəq olmuşdur. Orta əsrlərdə yaşamış Əmir Teymur və Toxtamış kimi xanların süfrəsinin başında oturmuş bu sərkərdə Vorskl və Moskvanın fəthi kimi irimiqyaslı döyüşlərdə qalib gəlib. Yüksək döyüş texnikası ilə bağlı biliyə sahib olan bu şəxs haqqındakı dastan Sovet İttifaqı illərində qadağan olunmuşdu. Hətta “Koroğlu” və “Dədə Qorqud” kimi əsərlər “bəraət” alanda o, 1980-ci ilə qədər hələ də tam şəkildə nəşr oluna bilmirdi. Edigeyin şəcərəsinə mənsub olan adamlar bu gün də Rusiyanın ən qabaqcıl ziyalıları və sərkərdələridirlər.
Bu dastanın türk xalqları arasında 80-dən çox variantı mövcuddur, amma buna baxmayaraq, dastan öz mənşəyini noqaylardan, onların haqq savaşından alır. Noqayların dəfələrlə kütləvi soyqırıma (1600, 1601, 1634, 1777, 1783, 1944) məruz qaldıqlarını da qeyd etmək vacibdir. Dastanda göstərilir ki, xan Kutlukayanı və onun qundaqdakı körpəsini qətlə yetirməyi əmr edir. Dostu öz oğlunu Kutlukayanın oğlu ilə dəyişir və beləcə, öz övladını qurban verərək Kutluqayanın oğlu Edigeyi bu amansız qətldən xilas edir. Uzun illər sonra Edigey atasının qisasını almaq üçün güclü ordu ilə xanın üzərinə yürüş edərkən onun müəllimini yanına minnətçi göndərirlər ki, Edigey savaşa girməsin. O zaman Edigeyin söylədiyi monoloq bu gün bizim Qarabağdakı haqq savaşımızın sanki şüarıdır. Edigey deyir:
“Dost qılmaq elçidən,
Düşmən qılmaq düşməndən,
Yaxşı söylədin, ustadım!
Xalqımı yurddan köçürüb,
Atam Kutlukayanı
Böyük kötüyə çökdürüb
Toxtamış xan kəsərkən,
Pirim, o zaman harda idin?
Mən qundaqda yatarkən,
Toxtamış məni kəsərkən,
Cantimir qoyub öz oğlunu,
Toxtamış onu kəsərkən,
Günahsız körpə balanın
Beşikdə qanı axarkən,
Pirim, o zaman harda idin?
İdil ilə Yayıkdan,
Tatarın bütün yurdundan,
Hökm sürdüyüm yerdən
Toxtamış xan məni qovarkən,
Pirim, o zaman harda idin?
Günahsız oğluma
Yamaqlı paltar geydirib,
Toxtamış kimi ulu xan
Onu da çölə qovarkən,
Pirim, o zaman harda idin?
Toxtamış xanın günündə
Dul qadın, yetim oğul,
Axsaq, qərib, dərdli, qul,
Onların çəkdiyi ahı
Göy ilə yeri tutarkən,
Pirim, o zaman harda idin?
“Dost qılmaq elçidən...”
Dostluq üçün gün varkən,
Pirim, o zaman harda idin?
“Düşmən qılmaq düşməndən...”
Düşmənlik günü gələndə
Toxtamış kimi xanının
Günahı bu gün bağışlanmaz,
Diləyin bu gün verilməz,
Çevirib atını çək, pirim!
Bu səfərdən dön, pirim! (noqaycadan tərcümə müəllifə aiddir və ixtisarla verilmişdir).
Bizim Qarabağdakı savaşımız artıq labüd idi və kimsə heç bir qüvvə ilə bu türkün biləyinin gücünü yenməyə qadir deyildir. Bunu beynəlxalq təşkilat və qurumlar da artıq çox gözəl bilirdi. Türk döyüşə-döyüşə ayaqda durub, torpağını qoruyub. Çox dəyərlimiz akademik T.Hacıyev yazırdı ki, “çöllünün – türkün – qıpçağın üç arzusu olub: at yəhərləmək; ət yemək; arvad almaq... Qıpçaq öz uşağına əvvəl atda oturmağı, sonra yeriməyi öyrədib... Atla davranış mədəniyyətinin ustadı qıpçaqdır – türkdür. Türk cilovun, ram etməyin ustalığını atın üstündə kəşf etdi – sonra asanlıqla ölkələri cilovladı” (Hacıyev, T. Qıpçaq çölü haqqında elmi ballada // Murad Adcı. Qıpçaq çölünün yovşanı. Bakı: Gənclik, 1997, s. 191-192). Biz də canımızla, qanımızla, hər evdən bir növcavan qurban verərək haqqımızı aldıq...
Biz müharibə uşaqlarıyıq... Bütün ömrümüzü N.Kəmənlinin “Biri vardı, biri yox” şeirinin baş qəhrəmanı kimi yaşadıq. Körpə idik, ağladıq, şirini olmadı verib susduralar, böyüdük, şirini oldu, çörək olmadı, çörək oldu, evimiz olmadı, evimiz oldu, vətənimiz olmadı, vətənimiz oldu, yaşamağa taqətimiz olmadı. Biri oldu, biri yox...
Biz müharibə uşaqlarıyıq... Bir insanın əlindən hər şeyini almaq olar, evini-eşiyini, pal-paltarını, ölüm haqdı, valideynlərini, oğlunu-qızını, bir sözlə, hər şeyini almaq olar, hətta nəfəsini tutarsan, canını da alarsan, amma kimsənin xatirələrini əlindən almaq mümkün deyil. Bax biz o müharibənin uşaqlarıyıq ki, bizim əlimizdən xatirələrimiz də alınıb.
Yeni-yeni xatirələr yaratmaq üçün biz o yerlərə geri dönürük. Nə yaxşı ki, türk var, nə yaxşı ki, türkün əzmi var və nə yaxşı ki, yeni xatirələr yaratmaq üçün bizi o yerlərə döndürən qəhrəmanlarımız var.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.