Filoloq alimin məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Azərbaycan folklorunda gülüş: davranış konseptləri, psixoloji konfliktlər və sosial kommunikasiya” adlı məqaləsi “Web of Science” bazasına daxil olan “Journal of Ethnography and Folklore” jurnalında dərc edilib.
Psixoanalitik metodla yazılmış məqalədə Azərbaycan folklorunda gülüş və onun sosial-psixoloji məna səviyyələri araşdırmaya cəlb olunub. Məqalədə diqqətə çatdırılır ki, hər bir cəmiyyətdə ən müxtəlif səviyyələrdə sosial komunikasiyanın həyata keçirilməsi üçün ideoloji-fəlsəfi konseptlər mövcuddur. Cəmiyyət üzvlərinin davranış və ünsiyyətinin formalaşmasında və davam etdirilməsində bu stereotiplər ciddi rol oynayır. Bu mənada Azərbaycan sosial mühitində davranışlara ciddi təsir edən gülüş və onun metaforalarının, sosial semantik çalarlarının öyrənilməsinə ciddi ehtiyac var. Məqalədə sözlü folklor faktları ilə yanaşı, sosial ünsiyyətin ayrı-ayrı nüansları, bir çox tarixi hadisə və ədəbi materiallar üzərində araşdırmalar aparılıb, gülüşlə bağlı faktların sosiogenetik və psixogenetik yanaşmalar kontekstində analizi həyata keçirilib.
Məqalədə sosial ünsiyyətdə gülüşün aqressiv və inteqrativ kommunikativ məna çalarlarının analizi nəticəsində onun əlaqədə olduğu psixoloji komplekslərə də ayrıca diqqət yetirilib. Müəyyənləşdirilib ki, cəmiyyətdə “kollektivin gülüş obyektinə çevrilmə” qorxusu sosial normaların davamlılığını müəyyənləşdirən komplekslərdən biridir. Odur ki, kollektivin sosial normalardan kənara çıxılacağı halda aktuallaşacağı düşünülən aqressiv gülüş ən müxtəlif metaforalarla işarələnir. Məqalədə bu metaforaların simvolik məna çalarlarının analizi nəticəsində folklorik ünsiyyətdəki bir çox məqamlara aydınlıq gətirilib.
Məqalədə, həmçinin sözlü folklor faktlarının olmativlər kontekstində analizi həyata keçirilib, gülüş aktının kişi və qadın mühitindəki daşıdığı semantika öyrənilib. Qeyd olunub ki, folklorun sosial stereotipləri, sosial stereotiplərin də folkloru dəstəklədiyi şəraitdə “gülüşdə xüsusi məna axtarışı” aktual sosial həyatın ayrı-ayrı məqamlarında özünü göstərməklə yanaşı, motiv səviyyəsində folklorda da dərin iz buraxıb. |