Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 

Milli ideyanın perspektivləri: Azərbaycanlılıq və Azərbaycançılıq

Dos. Dr. Ağaverdi Xəlil

Folklor İnstitutu
Folklor Nəzəriyyəsi şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetinə verdiyi müsahibədə Azərbaycan milli ideyasının keçdiyi tarixi yol təhlil edilmiş, müasir cəmiyyətin qarşısında duran perspektiv inkişaf təmayülləri araşdırılmışdır. Müsahibədə, əsasən, milli ideyanın yaxın keçmişə aid olan dövründən bəhs olunur və azərbaycançılıq ideyasının formalaşmasının xarakterik xüsusiyyətləri aydınlaşdırılır.
Qeyd edim ki, müsahibə geniş bir tədqiqatın nəticələrini özündə ehtiva edir və daha çox müasir cəmiyyət quruculuğunun, sosial-mədəni, ideoloji və mənəvi aspektlərini nəzərdə tutur, perspektiv inkişafın prioritetlərini müəyyənləşdirir.
Müsahibədə milli ideyanın struktur komponentləri həm diaxron, həm də sinxron planda araşdırılmışdır. Buradan görünür ki, milli ideya azərbaycançılıq mərhələsinə qədər dövrdən və şəraitdən asılı olaraq etnik və dini komponentin özünüidentifikasiyanın əsas forması kimi dominant mövqelərini dəyişərək inkişaf etmişdir.
Milli ideyanın keçmişdə də strukturu təkkomponentli olmamışdır. Qədim türklər üçün Tanrıçılıq əsas mənəvi qaynaq rolunu yerinə yetirmiş və toplumu birləşdirən dominant element olmuşdur. Türk fütuhat ideyasının əsasında da tək Tanrı ideyasını yaymaq kimi bir missiya dayanmışdır. Etnik komponent olan türklük (VI-XI əsrlər) , oğuzluq (XI-XIV əsrlər), türkmanlıq (XIV-XVI əsrlər), müvafiq olaraq türkçülük, oğuzçuluq və türkmanlıq kimi ideoloji təmayülləri üzündə ehtiva etmiş, XVI-XVIII əsrlər təsəvvüf dövrünün dini- mistik ideyalarının cəmiyyətdə dominant ideoloji mövqeyə keçməsi ilə məzhəb (şiyəlik) və təriqətin (səfəvilik) sintezində qızılbaşlıq ideologiyası formalaşır. Bu ideologiya özünüidentifikasiya forması kimi qeyri-türk elementini də vahid ideyada birləşdirir və milli kimlik şüurunun aktiv hissəsinə daxil edir. Şiyəlik, səfəvilik və qızılbaşlıqdan keçən milli kimlik düşüncəsi XIX əsrdə din komponentinin aktivləşməsi ilə müsəlmanlıq formasında özünün ifadəsini tapır. Bu komponent toplumun hər bir üzvünü “Məhəmməd ümməti” kimi ümumi bir kateqoriyada birləşdirir. Bu tipli dini komponent cəmiyyətin qeyri-müsəlman hissəsini identifikasiya edə bilmir. Beləliklə, cəmiyyət həm etnik, həm də dini komponentin dominant olduğu dönəmdə ideyasını maksimum səviyyədə milliləşdirə bilməmişdir.
Orxon-Yenisey yazılarında oxuduğumuz Türk bodun (Türk xalqı), “Oğuznamə”lərdə Oğuz eli (oğuz xalqı), Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dönəmində “türkman”, Səfəvi səltənətində “qızılbaş”, daha sonra “müsəlman ümməti” və s. kimi anlayışlar da bu tarixi-mədəni gerçəkliyi göstərməkdədir. Bunların hər biri özünüidentifikasiyanın müəyyən mərhələ üçün aktiv komponenti rolunu yerinə yetirmişdir. Bu prosesdə etnik və dini komponentin birinin digərini üstələməsi müşahidə olunur. XIX əsrin əvvələrində Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğal olunmasından sonra bu ölkənin xalqı daha çox özlərini müsəlman kimi identifikasiya edirlər və toplum olaraq “ümmət” kimi birləşirlər. İşğalçı yad idarəçilər tərəfindən isə onların tarixi nifrət duyğusu ilə xatırladıqları “tatar” adı ilə adlandırılırlar. Milli-mənəvi dəyərləri ləkələyən Rus müstəmləkə rejimi bir çox institutları, o cümlədən zadəganlığının spesifik türk variantı olan “bəyliyi” deformasiyaya uğradaraq sıradan çıxartdı. Ənənədə verdiyi atın dişinə baxılmayan bəy ədəbiyyatında dəvət etdiyi qonağdan yayınmaq üçün atın axurunda gizlənir. Burada bəyliyin iflası baş verir və dərəbəylik başlanır. Bu da toplumu etnik-mənəvi enerjidən məhrum edir və milli ideyanın əsas etnik komponentini kökündən zədələyir.
XIX əsrin müstəmləkə rejimində zadəganlıq institutu mövqeyini itirdikdən sonra “ruhani” institutunun aktivləşdirilməsi baş verir. Cəmiyyətin dünyəvi işlərinə daha çox müdaxilə nəticəsində ruhani institutu da özünün mövqeyini itirir. Bu dönəmdə cəmiyyətin içində əsas söz sahibi “riyakar müsəlman” zümrəsi olur.
XIX əsrdə Avropa və Rusiyanın universitetlərində təhsil alan azsaylı Azərbaycan ziyalılarının başladıqları maarifçilik hərəkatı Azərbaycanda mütərəqqi hadisələrin, mədəniyyətdə, ədəbiyyatda və ictimai fikirdə pozitiv təmayüllərin əsasını qoyur. Azərbaycançılıq milli ideyasının ilkin rüşeymləri də bu ziyalıların başladığı fəaliyyətin nəticəsində yaranır. XX əsrin əvvəllərində hələ milli ideya etnik komponent olan türkçülükdən və dini komponent olan müsəlmanlıqdan ibarət olmaqla cəmiyyəti birləşdirən vahid bir konseptə çevrilməmişdi.
Azərbaycançılıq ideyası ilk olaraq Azərbaycan xalq Cümhuriyyətinin qurucuları tərəfindən vahid milli ideya kimi təklif olundu. Bu zaman cümhuriyyətin qurucuları millət və milliyyət anlayışlarını fərqli kateqoriya olaraq şərh etdilər. Çoxlu milliyyətlərin yaşadığı Azərbaycanda Azərbaycançılıq millət ideyası kimi təklif olundu. Burada əsas yenilik vahid məkan kateqoriyasının özünüidentifikasiya vasitəsinə çevrilməsi, vahid vətən anlayışının milli ideyanın struktur komponenti kimi dominant mövqedə təqdim olunması idi.
İki illik Cümhuriyyət dönəmində çox işlər görülsə də belə mühüm və əhəmiyyətli ideyaların cəmiyyətdə sabitləşməsi üçün zaman kifayət etməmişdi. Ona görə də bu ideya cəmiyyətin ziyalı hissəsini əhatə edə bilmiş və ümumxalq düşüncəsində özünə yer tuta bilməmişdi.
Sovet dönəminin “sovet milləti” ideyası kifayət qədər milli əsaslardan məhrum və süni xarakterli olduğundan cəmiyyətdə özünü təsdiq edə bilmədi. Cümhuriyyət dönəmindən başlanmış və axıradək reallaşmamış Azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin əsas milli ideyası kimi qəbul edildi və 1993-2003-cü illər arasında cəmiyyətdə sabitləşdi. Azərbaycanlılıq özündə vahid vətən anlayışını və vahid sosial-mədəni dəyərlər sistemini ehtiva etməkdədir. Etnik komponent, Azərbaycan xalqının bütün tərkib hissəsi milli varlığı zənginləşdirən dəyərlər kimi anlaşılır. Polietnik tərkib mədəniyyət zənginliyi kimi özünü göstərir və vahid Azərbaycan mədəniyyətinin əlvanlığını təmin edən vasitələrdən biri kimi çıxış edir.
Milli ideyanın cəmiyyətdə inkişaf dinamikasını izləyən akademik haqlı olaraq qeyd edir ki, “Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur”. Burada ifadə olunan fikirdə vətəndaş, dövlət və lider sosial-mədəni kateqoriya kimi özünü cəmiyyətin müasir reallığı kontekstində bir-biri ilə üzvi əlaqədə və vəhdətdə olan vahid tamın və bütövün tərkib hissələri kimi təsdiq edir. Belə qarşılıqlı əlaqə və vəhdəti təmin edən sosial-mənəvi münasibətlər sisteminin inkişaf dinamikasını, perspektivlərini və prioritetlərini öyrənmək ictimai və humanitar elmlərin üzərinə ciddi məsuliyyət qoyur. Çünki, akademikin də qeyd etdiyi kimi, “Millətin öz strateji inkişaf proqramı, milli ideyası-dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır”. Bunların müəyyənləşməsində ictimai-humanitar elmlər, o cümlədən millətin mənəvi dünyasını öyrənən, milli ideyanın mənəvi qaynaqlarını araşdıran Folklor İnstitutu da aktiv iştirak etməlidir.
Akademikin dərin təhlillər və araşdırmalardan gəldiyi nəticə müsahibədə belə ifadə olunmuşdur: “Kollektiv özünüidentifikasiya forması kimi etnik komponentin prioritet kimi müəyyən edilməsi və onun bazis komponent kimi milli ideyanın yeganə forması kimi təklif edilməsi neqativ nəticələr doğurmuşdur. Azərbaycan millətinin formalaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzifədir. Biz milli prinsiplərin yeni komponentləri haqda, milli mədəniyyətin kənar hücumlardan, daxili zəifləmə və dağılmadan müdafiəçisi kimi vətəndaş millətçiliyi haqda açıq danışmaqdan çəkinməməliyik. Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks ertdirən qaynar qazan kimi formalaşmışdır. Burada güclü türk təməli ilə yanaşı İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb etmişlər. Qətiyyətlə demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim əcdadlarımızın da qanı axır. Bu, reallıqdır”.
Azərbaycançılıq ideyasının müasir cəmiyyətimizə uğurlu tətbiq modelinin müəllifi ümummilli lider Heydər Əliyevin azərbaycançılığa verdiyi tərif belədir: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Akademik bu konseptual fikirdən çıxış edərək qeyd edir ki,
“Kim özünü azərbaycanlı kimi hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır. Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilmiş və universal dəyərlərin daşıyıcısı statusu qazanmışdır”.
Müasir cəmiyyətdə gedən innovasiyalı modernləşmə Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına çıxarmaqdadır. Heydər Əliyevin strateji inkişaf konsepsiyasını uğurla tətbiq edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəni uğurla gələcəyə doğru aparır.
Ölkədəki inkişaf dinamikasını fəlsəfi təhlildən keçirən akademik müsahibəsində qeyd edir ki, “Bu illər ərzində milli ideya milli müstəqillik –suveren dövlət formulunda qəti inkişaf mərhələsinə çatmışdır. Bu gün azərbaycanlılar minilliklər boyu bu ərazidə mövcud olmuş bütün dövlətlərin və orada məskunlaşmış xalqların obyektiv xələfləri və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Etnik müxtəliflik Azərbaycan xalqının zəngin sərvətidir. Bu sərvəti qorumaq lazımdır. Azərbaycançılıq ideologiyasının təməli olan güclü birləşdirici başlanğıc hər bir vətəndaşın öz Vətəninə görə keçmiş və gələcək nəsillər qarşısında məsuliyyət daşıyıcısı olması üçün əlverişli şərait yaradır”.
Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.
Akademik müsahibəsində 2004-cü ildə Prezident İlham Əliyevin söylədiyi bu fikri də diqqətə çatdırır: “İqtisadi artım və cəmiyyətin demokratikləşdirilməsi siyasətimizin əsas elementləridir, bunların biri olmadan digəri mümkün deyildir. İqtisadi cəhətdən güclü olmaq olar, lakin əgər demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur gözləməyə dəyməz”.
Hörmətli akademik Ramiz Mehdiyevin müsahibəsi olduqca əhəmiyyətli və geniş əhatəlidir. Müasir cəmiyyətimizi mənəvi cəhətdən inkişaf etdirmək və milli varlığı dünyada gedən neqativ təmayüllərdən qorumaq, vahid Azərbaycan naminə bütövlüyümüzü və tamlığımızı həm sosial anlamda, həm də mənəvi kontekstdə daha da inkişaf etdirmək üçün müsahibədə ifadə olunmuş dəyərli təhlillərə və fəlsəfi-konseptual xarakterli müddəalara müraciət etməliyik.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..