Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
21.10.2019

“Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumunun 30 illiyinə və “Dədə Qorqud” dastanının yeni tapılmış əlyazmasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumunun 30 illiyinə və “Dədə Qorqud” dastanının yeni tapılmış əlyazmasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla keçirilən bu tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, Azərbaycan növbəti dəfə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir: “1988-ci ildə ilk dəfə Azərbaycan və Türkiyə alimləri bir araya gələrək “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumu təşkil ediblər. Həmin ildən başlayaraq hər 10 ildən bir kollokvium təşkil olunur. Bu il keçirilən kollokvium da Türk Dünyasında mühüm bir hadisəsidir. Kollokvium elmi, pedaqoji, mədəni, ictimai-siyasi hadisə olmaqla yanaşı, həmçinin türk dünyasını birləşdirən, daha cəsarətli və özünə inam hissi aşılayan bir hadisədir”.

Kamal Abdulla həmçinin qeyd edib ki, bu ədəbi abidənin geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman imzalamışdır. Ümummilli Liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olub. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyb ki, konfrans yaxın günlərdə Bakıda təşkil ediləcək “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində gerçəkləşən tədbirlərin davamıdır. Günay Əfəndiyeva dəyirmi masanın nəticələrinin uğurlu olacağına əminliyini ifadə edərək konfransın işinə uğurlar arzulayıb.

Sonra professor Tofiq Məlikli, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Fikrət Türkmən, Saim Sakaoğlu və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar, təklif və mülahizələrini bildiriblər. Natiqlər xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolunu xüsusi vurğulayblar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik M.Kazımoğlu-İmanov bu cür tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. O, illər öncə türk yazı, əlifba məsələsinə həsr olunmuş toplantıda iştirak etdiyini xatırlayıb, o zaman müəyyən məsələlərin çözüldüyünü bildirib. Sonra bu kollokviumda qoyulan məsələlərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Onillər öncə başlayan müzakirələrin əhəmiyyətinə toxunan M.Kazımoğlu-İmanov daha sonra vurğulayıb ki, 1926-cı ildə keçirilən Türkoloji qurultayda qoyulan əsas məsələ latın qrafikalı əlifbaya keçmək idi. Bu məsələnin qoyulması Moskvadan S.Ağamalıoğluna tapşırılmışdı. Qazaxıstan və Tatarıstan bu məsələyə kəskin etiraz etdilər. Onlar yazı ənənəsindən ayrı düşəcəkləri ilə bağlı narahatlıqlarını bildirmişdilər.

Vaxtilə kollokviumda bu mövzuya son dərəcə diqqətlə yanaşılması vurğulanmışdı: “Gəlin etiraf edək. Bu gün dastanın əlyazmasını oxumaq hər kəsin işi deyil. Biz hardasa yazı mədəniyyətimizdən uzaq düşmüşük. Mən latın qrafikalı əlifbanın əleyhinə deyiləm, ən azı bu, Türk Dünyasını birləşdirməyin gözəl formasıdır. Ancaq gəlin görək, bizdən sonra gələn nəsillər əski əlifbanı bilirmi? Kollokviumun ən vacib məsələlərindən biri bu idi: dünənlə bu günü, bugünlə gələcəyi birləşdirmək. Çox qəribədir ki, kollokviuma qədər Türkiyə-Azərbaycan ziyalılarının bu dərəcədə birliyi olmamışdı. Şəxsən Fikrət Türkmənin dilindən bir neçə xatirəni eşitmişəm. Yaxşı olardı ki, “Dədə Qorqud”la bağlı Türkiyədəki Dil Qurumu kimi bir qurum yaradılsın. Bu yöndə bir neçə yaradıcı qurum arasında əməkdaşlıq müqaviləsi də imzalalaya bilərdik. Dastanla bağlı çox iş görə bilərdik. Bu yolda hər birinizə uğurlar arzulayıram”.

Tədbirin ikinci hissəsində 2018-ci ilin sonlarında Güney Azərbaycandan tapılmış və bu il Türkiyədə nəşr olunan “Dədə Qorqud” dastanının yeni tapılmış əlyazmasının müzakirəsi keçirilib. Tədbirdə çıxış edən Türkiyəli alim, Ege Universitetinin professoru Mətin Ekici əlyazmanın kim tərəfindən tapılmasından, ona təqdim olunmasından və nəşr olunması məsələlərindən, eyni zamanda bu əlyazmanın məziyyətlərindən danışıb. Mətin Ekici həmçinin dastanın yeni tapılmış əlyazmasını “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi hesab etdiyini, eləcə də “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyu hesab etdiyini bildirdi. Dastanın isə bütün Türk dünyasının mənəvi-ədəbi abidəsi olduğundan dolayı bu yeni nüsxəni “Türküstan” və ya “Türkmən-səhra” nüsxəsi adlandırmağı daha məqsədəuyğun hesab etdiyini qeyd edib.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı isə öz çıxışında bildirib ki, yeni tapılan əlyazma – “Kitabi-Türkmən lisani” oğuznaməsi artıq başa çatmış Oğuz epoxasının deyil, yeni dövrün – Türkman epoxasının abidəsidir. Bu halda etnopoetik təyinatına görə Oğuz yox, Türkman dastanıdır və bu mətn “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin nə üçüncü nüsxəsi, nə də yeni boyu kimi təqdim edilə bilməz. “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin üçüncü nüsxəsi və yeni boyundan o zaman danışmaq olardı ki, tapılan əlyazmada müqəddimə və 12 boy olduğu kimi təkrarlanar və həmin mətnə yeni “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyu əlavə edilmiş olardı. Bu baxımdan bu yeni tapılan əlyazma “Dədə Qorqud” eposundan qaynaqlanan bir oğuznamə kimi dəyərləndirilməlidir.

AMEA Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsinin müdiri, filologiya elmləri doktoru Əfzələddin Əskər də yeni əlyazmadan nümunələr gətirərək bildirib ki, mətndən belə görünür ki, bu oğuznamədə Oğuz dövrü artıq bitmək üzrədir və yeni dövr, türkman epoxasının başlandığı müşahidə edilməkdədir.

AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy isə öz çıxışında bildirib ki, ənənəvi mədəniyyətlərin bütün struktur qatları bir-birini fraktal olaraq təkrarlayır. Birinci işarələr sistemi olan dilin strukturu mədəniyyətin bütün qatlarını əhatə edən ikinci işarələr sisteminin struktur laylarında təkrarlanır. Oğuzların etnik dünya modelinin əsas kəmiyyət universumu olan “24-lük” Oğuz ənənəvi mədəniyyətinin bütün laylarının, o cümlədən “Kitabi-Dədə Qorqud”un strukturunda təkrarlanmalı idi və təkrarlanır da. 24 boydan ibarət Oğuz eli hər çadırda 2 boy olmaqla 12 çadır prinsipi ilə təsnif olunur. 6 çadırda 12 bozoq boyunu təmsil edən nəvələr, 6 çadırda isə 12 ucoq boyunu təmsil edən nəvələr oturdulur. Beləliklə, 6 çadır – 12 boyu, 12 çadır – 24 boyu təmsil edir. Bu struktur olduğu kimi “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan nüsxələrində təkrarlanır. Drezdenin 12 boyu Qalın Oğuz elinin 24 boyunu, Vatikanın 6 boyu isə İç Oğuzun 12 boyunu təmsil edir. “Kitabi-Dədə Qorqud”un 13-cu boyunun tapıldığını elan etmək Oğuz etnosunun strukturunu “dağıdaraq” ondakı boy-tayfaların sayını 26-ya çatdırmaq deməkdir. Bu səbəbdən Oğuz epoxası ənənəsinə aid mətnlərdə 13-cü boy heç vaxt ola bilməz. Əgər 13-cü boy varsa, demək orada artıq Oğuz eli yoxdur. Bu baxımdan, yeni tapılan bu mətn “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin üçüncü nüsxəsi və yeni boyu deyil, “Dədə Qorqud” eposundan qaynaqlanan bir oğuznamədir.

Tədbirdə həmçinin Əhməd Bican Ercilasun, Ramiz Əskər, Osman Fikri Sertkaya da çıxış ediblər və yeni tapılan “Dədə Qorqud” əlyazması ilə bağlı dəyərli fikirlər söyləyiblər.

Sonda tədbiri yekunlaşdıran akademik Kamal Abdulla tədbir iştirakşılarına minətdarlığını bildirib, keçirilən tədbiri yüksək qiymətləndirib və qeyd edib ki, yeni tapılan əlyazma ilə bağlı hələ son söz deyilməyib, tədqiqatlar hələ davam edəcəkdir və bu mövzu ilə bağlı yəqin ki gələcəkdə də görüşlər keçiriləcək.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.