Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 

Rafiq İmraninin çıxışı

Azərbaycan dövlətçilik ənənələrinin çox qədim tarixi var. Tarixi faktlar sübut edir ki, b.e.ə. III minillikdən başlayan Aratta dövlətçilik ənənəsindən bu günə kimi Azərbaycan xalqı çox mürəkkəb tarixi yol keçmişdir. Tapixən Azərbaycan xalqının etnogenezində duran tayfa və tayfabirləşmələrinin hər birinin keçmiş olduğu tarixi yol, onların yaşatmış və gələcək nəsillərə ərmağan qoymuş oldugu mədəni irs xalqımızın milli təfəkkürünün formalaşmasında, onun inkişafı porosesində mühüm rol oynamışdır. Böyük və qədim tarixə malik olan Azərbaycanın qədim tarixinin, mədəni irsinin öyrənilməsi sahəsində alimlərimiz və başqa alimlər müəyyən işlər görsə də bu, fikrimizcə, kifayət deyil. Azərbaycanın keçmiş və yaşamış olduğu əsl tarixin yazılması üçün alimlərə, ziyalı təbəqəsinə həmişə böyük, rəşadətli tariximizə qibtə ilə baxanlar tərəfindən zaman-zaman istər xanlıqlar dövründə, istər çar rusiyasının tərkibində olarkən, istərsə də sovet dövründə maneələr, təzyiqlər, repressiyalar olmuş və Azərbaycan ziyalıları, roşənfikirliləri zindanlara salınmış və ya aradan götürülmüşdür. Bu səbəbdən tariximizin düzgün və əsl qızıl səhifələri tam şəkildə ortaya çıxarılmamışdır.
Azərbaycanın dövlətçilik ənənəsinin ulu öndər Heydər Əliyev tərəfindən 2003-cü il iyun ayından etibarən demokratik təməl üzərində bərpası alimlərimiz üçün tarixin, mədəniyyətin düzgün yazılması üçün real perspektivlər açmışdır. Bu reallıqlardan istifadə edən ayrı-ayrı elmi müəssisələr, idarə və təşkilatlar artıq tariximizin düzgün yazılması istiqamətində xeyli müsbət işlər görmüşlər. Görülən işlərin səmərəli olması üçün alimlərimizin, ziyalılarımızın, əli qələm tutan hər bir Azərbaycan vətəndaşının milli ideyadan, milli ideoloji zəmindən çıxış etməsi vacib və zəruridir. Milli ideyanı əfsuslar olsun ki, bəzi insanlar millətçilik ideyası ilə səhv salır və nəticədə istənilən mövqeyə gəlib çıxa bilmirlər. Buna görə də akademik R.Mehdiyevin müsahibəsində qaldırılan problemlər, verilən tarixi-nəzəri təhlillər vaxtında yazılmış və xüsusən də alim və ziyalılarımıza son dərəcə vacib və lazım olan «milli ideoloji proqram» kimi çox böyük tarixi əhəmiyyətə malikdir. Ramiz müəllim bir çox məsələləri obyektiv şəkildə, elmi-məntiqi aspektdən gözəl açıqlamış və sanki, millətə onun ziyalı zümrəsinə milli ideyanı, dövlətçilik ənənəsini necə dərk etmək yolunu göstərmişdir. Müsahibəni oxuyarkən və təhlil edərkən, ilk növbədə, bir məsələ göz önünə gəlir. Belə yığcam müsahibədə böyük idraka söykənən, dövlətçiliyimiz və milli birliyimiz üçün çox vacib olan elmi-fəlsəfi konsepsiyanı konseptual şəkildə ortaya qoymaq dahi siyasi xadimlərə xas cəhətdir. Sözsüz ki, onun həyat fəlsəfəsi, milli ideologiya və dövlətçilik ənənəsinə varidliyi onun ölməz, daima yaşar ulu öndər H.Əliyevlə uzun zaman kəsiyində bir yerdə işləməsi və onun məktəbini keçməsi ilə sıx bağlıdır. Böyük alimin, böyük dövlətçilik təcrübəsindən doğan bu müsahibə dahiyanə əsərdir desək mübaliğə etmərik. Böyük riyaziyyatçılar öz elmi kəşflərini bir və ya bir neçə səhifədə verdikləri kimi akademik R.Mehdiyev də Azərbaycanın inkişaf aspektlərinin, gələcəyinin milli ideyanın formalaşmasından, dövlətçiliyin demokratik yolla inkişafı və iqtisadi nailiyyətlərin yüksələn xətt üzrə gedişindən asılı olmasını dahiyanə şəkildə qısa və lakonik tərzdə verə bilmişdir. O, xalqın, dövlətin və millətin hansı yol seçməsini aşağıdakı fikirdə çox gözəl şərh etmişdir. O, bu xüsusda deyir: «…tarixdə elə nümunələr vardır ki, milli dövlətin dəyərini heç də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə nəticə etibarı ilə həmin xalqların yox olmasına və ya ümumdünya proseslərində onların əhəmiyyətinin heçə enməsinə gətirib çıxarır, Digər tərəfdən, heç də hər bir dövlət öz müqəddəratının sahibi deyildir, buna görə də belə dövlətlər dünya geosiyasətinin adi obyektinə, «oyuncağa» çevrilirlər. Bu vəziyyətin əsas səbəblərindən biri yaranan maneələrdən bacarıqla yan keçərək öz xalqını arxasınca apara biləcək əsl millət liderinin olmamasıdır. Millətin öz strateji inkişaf proqramı, milli ideyası-dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır». Dahiyanə şəkildə deyilmiş bu fikir özü «dövlətin varlığı və inkişaf strategiyası» proqramıdır. Azərbaycanda milli ideyanın olması məsələsini isə o belə şərh edir: «Azərbaycan milli ideyası mürəkkəb təşəkkül yolu keçmişdir, öz spesifikası vardır və məzmunu, universallığı, humanistliyi, çevikliyi və təbiiliyi ilə fərqlənir. Bu, bəlağətli sözlər deyil, reallıqdır». Azərbaycanda milli ideyanın təşəkkülü və inkişafını faktiki olaraq 7 mərhələyə bölən hörmətli akademik real faktlar əsasında milli ideyanın inkişaf və tənəzzül səbəblərini obyektiv olaraq göstərmişdir. Milli ideyanın təşəkkülünün birinci 3 mərhələsi tarixi aspektdən təhlil edilərkən maarifçiliyin inkişaf etdirilməsinin milli şüurun, milli ideyanın formalaşması prosesinə müsbət təsiri məsələləri elmi-nəzəri təhlillərlə çox gözəl tərzdə diqqətə çatdırılır. Milli ideyaların formalaşmasında 3 mərhələnin rolunu yüksək qiymətləndirən müəllif 1905-1907 və 1918-ci illərin siyasi hadisələrini milli şüurun inkişafına ciddi təsir göstərməsini qeyd edir və burada «Həyat», «İrşad», «Füyuzat» qəzetlərinin nəşrinin milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verdiyini göstərir. Azərbaycan ziyalılarının şüurunda türkçülük ideyalarının yaranması prosesinin necə baş verməsi, fikrimizcə, daha çox maraq doğurur. Çünki çar Rusiyasının siyasi-ideoloji platformasının hakim kəsildiyi və bolşevik rüşeymlərinin, inqilabi situasiyaların bərqərar olduğu, inkişaf etdiyi bir dövrdə Azərbaycan ziyalılarının türkçülük ideyası ilə silahlanması, milli ideoloji təfəkkürün, milli dövlətçilik ənənəsinin yaradıla biləcəyi ideyasının formalaşmasına təkan verə bilərdi. Bunu şərh edən hörmətli akademik deyir ki, «Bu ideyalar milli ideal xarakteri kəsb etməklə milli hərəkata güclü təkan verir. Bu dövrün səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyası tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçir… Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları Azərbaycan milli ideyasının daşıyıcıları olmaqla milli ideallar uğrunda mübarizəni demokratik dəyərlər və prinsiplərə birləşdirirdilər».
Azərbaycan milli ideyasının formalaşmasının 4-cü mərhələsi 1918-ci il may ayının axırlarından 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə etməsi göstərilir. Bu dövrün analitik təhlilini verən müəllif proseslərin necə baş verməsini son dərəcədə obyektiv şəkildə izah etmiş və göstərmişdir ki, «Beləliklə, 1918-ci il 28 may tarixi Azərbaycan mili ideyasının həyata keçməsinin ilk rəmzi olmuşdur. Xalqın ən yaxşı övladları bu ideyanın təntənəsi uğrunda mübarizə aparmışlar. Gənc dövlətin baniləri Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması uğrunda gərgin mübarizə aparmalı olmuşlar. Lakin böyük dövlətlərin maraqları, siyasi konyuktur bu məqsədə nail olmaq üçün ciddi maneəyə çevrilmişdi». Gənc demokratik dövlətin az zaman içində süquta yetməsinin şərtlərini təhlil edən Ramiz müəllim dövrün ictimai-siyasi vəziyyətini obyektiv qiymətləndirərək o dövrdə milli kadrların olmamasını, xarici dövlətlərin ölkənin daxili işlərinə qarışmasını, dərin sosial-iqtisadi böhranın və s. problemlərin olmasını ön plana çəkir və bunların dövlətin hakimiyyətinin möhkəmlənməsi işinə əsla xidmət etmədiyini qeyd edir.
«Apreldən sonrakı dövr» adlandırılan sonuncu mərhələni, yəni sovet dövrünü akademik birmənalı şəkildə səciyyələndirərək kommunist ideologiyasının səyləri sayəsində rus dilinin millətlərarası ünsiyyət dili elan edilməsi nəticəsində milli maraqların unudulduğunu göstərir. Daha sonra o, sovet hakimiyyətinin ilk illərindən başlayaraq repressiyaların milli təfəkkürün bütün əlamətlərini məhv etməsini və Azərbaycan xalqının milli özünüidentifikasiya prosesini ləngitməsinə zəmin yaratmasını qeyd edir. Sovet rejiminə real qiymət verən akademik dövrün ictimai-siyasi konyukturasını tam açıqlığı ilə göstərməyə müvəffəq olur. O, bu xüsusda deyir: «Sovet dövrü obyektiv əsasları olmayan və süni şəkildə yaradılmış cəmiyyətin yeni identifikasiyasının bərqərar olması ilə fərqlənir. Milli siyasi təşkilatlar yaratmaq hüququnun olmaması, eləcə də totalitar, inzibati-amirlik idarəçilik sisteminin yaradılması nəticəsində sovet dövrünün tələblərinə uyğunlaşdırılmış, transformasiyaya məruz qalmış milli təfəkkür modeli Azərbaycan gerçəkliyinə tətbiq edilirdi.
Proletar şüuru müddəasını irəli sürən kommunist ideologiyası mahiyyət etibarilə milli mənlik şüurunun təkamülünə mənfi təsir göstərirdi, bu ideologiyada milli təfəkkürə yer yox idi». Milli ideyanın və milli dövlətçilik ənənəsinin təşəkkülü və təkamülü üçün böyük maneələr olan totalitar bir quruluşda ulu öndər H.Əliyevin hakimiyyətə gəlməsini milli şüurun və dövlətçiliyimizin iqtisadi potensialının qüdrətləndirilməsi ilə əlaqələndirən Ramiz müəllim haqlı olaraq qeyd edir ki, «O, (H.Əliyev-İ.R.) millətin inkişafı problemlərini və milli mənafeləri həyatının mənası hesab edirdi. Keçən əsrin 70-80-cı illərində Azərbaycanda güclü iqtisadi baza yaradılması onun aqrar sənaye respublikası statusu əldə etməsinə imkan vermişdi. Əsas güvənc yeri isə respublikanın idarə olunmasında tamdəyərli iştirak etməyə başlamış milli kadrlar idi…Yaradıcı ziyalılara, elm adamlarına qayğıkeş münasibət millətin yüksək elmi-texniki və mədəni potensialını əks etdirən təşəbbüslərin yaranmasına və həyata keçirilməsinə kömək edirdi». Sovet dövrünü yaşamış bir alim-ziyalı olaraq deyilən fikirlərin şahidi kimi qeyd edək ki, həqiqətən də ulu öndərin müdrik, uzaqgörən siyasəti Azərbaycanın nəinki iqtisadi potensialını, onun elm-təhsil, tibb və s. sahələrinin də yüksək addımlarla inkişaf perspektivini təmin etmişdi. Azərbaycanın elm və mədəniyyət adamlarının SSRİ miqyasında tanıtdıran və onların ən yüksək fəxri adlarla təltif olunmalarını öz avtoriteti hesabına həyata keçirən ulu öndər Azərbaycançılıq ideyasının, millətdə milli mənliyin, şüurun inkişafına təkan vermiş oldu. H.Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi bazasının, istər ağır sənayenin, istərsə də aqrar sənayenin yüksək inkişafı nəticəsində formaca milli olmayan, lakin məzmunca milli olan dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi perspektivdə müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarını yaratmış oldu. Kim bilir, H.Əliyev kimi dahi şəxsiyyət, siyasi xadim, təpədən dırnağa qədər milli olan, öz ideya və ideallarına sadiq insan 70-80-cı illərdə və 1993-cü ildə təkrar olaraq Azərbaycanın rəhbərliyinə gəlməsə idi, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin aqibətini bəlkə də 1920-ci ildə qurulmuş Demokratik Cümhuriyyətin taleyi gözləyirdi?
Qeyd edilən fikirlərdən belə bir nəticə çıxara bilərik ki, Azərbaycan xalqının dövlətçiliyinin yaradılmasında, milli ideyanın və şüurun təkamülündə H.Əliyevin böyük və əvəzsiz xidmətləri artıq tarixin qızıl səhifəsinə həkk olmuşdur. Milli ideyanın 5-ci mərhələsini Azərbaycan xalqının siyasi oyanışı (1987-ci ilin sonu və 1988-1990) adlandıran akademik elmi nəzəri təhlili real faktlar əsasında vermişdir.
1993-cü ildən etibarən ulu öndər H.Əliyevin hakimiyyətə qayıdışı nəticəsində milli ideyanın yeni məzmun kəsb etməsini Ramiz müəllim çox incəliklə və elmi əsaslarla vermişdir. Bu dövrü 7-ci mərhələ adlandıran akademik onu ictimai-siyasi sabitliyin bərqərar olması, ölkənin gələcək iqtisadi artımının və siyasi inkişafının əsaslarının yaradılması dövrü kimi səciyyələndirir və artıq bu dövrdə «millət» anlayışının strukturuna özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi və bütün başqa kollektiv formalarının daxil edilməsini qeyd edir. Məhz bunun nəticəsidir ki, o qeyd edir ki, «Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Azərbaycanın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilmişdir. Biz müasir Azərbaycanı səciyyələndirən bu sərvətin qədrini bilməliyik».
2003-cü ilin sonlarından başlayaraq milli ideyanın müstəqil dövlətin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektlərini zənginləşdirməsini göstərən Ramiz müəllim qeyd edir ki, «Dövlətin iqtisadi qüdrətinin fəal artması nəticəsində ictimai şüur tədricən elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar şəkildə qarşılıqlı fəaliyyət göstərir, inkişafın perspektivlərini və prioritetlərini real hiss edir». Deyilən fikir artıq bir daha sübut edir ki, o, dövlətçilik ənənəsinin, milli ideyanın təkamülünün yeni istiqamətdə inkişafının i d e o l o q u d u r.
Müsahibədə Ramiz müəllim bir sıra suallara da elmi-nəzəri aspektdən tutarlı cavablar vermiş və yeni elmi konsepsiyanı oxuculara çatdırmışdır. Ermənilərlə bağlı məsələyə gəldikdə isə qeyd edək ki, bu məsələ tam açıqlığı ilə elmi-tarixi faktlar əsasında izah edilir və ermənilərin uydurma tarixi, dili və coğrafi əraziləri haqda Qərb və xarici ədəbiyyatlarda mövcud yalançı fikirlər yerlə-yeksan edilir. Ramiz müəllimin bu tarixi-nəzəri elmi konsepsiyası tarixçilərimiz və digər alimlərimiz tərəfindən birmənalı şəkildə davam etdirilməlidir. Deyilən fikirlər məntiqi cəhətdən o qədər tutarlıdır ki, onu genişləndirmək və əlavə tarixi faktlar hesabına fundamental əsərə çevirmək olar. Sözsüz ki, inanırıq ki, tarixçilərimiz bu mükəmməl elmi məntiqə söykənən konsepsiyanı işləyəcək və ermənilərə tutarlı cavablar verməklə yanaşı, onların uydurduğu yalançı tarixi bütün dünyaya çatdıracaqlar. Tarixi sənədlərdə Arminiya adının və arminlərin olmasını I Daranın (təxminən 522-488-ci illər) dövrü ilə bağlı olan tarixi sənədlərdə keçməsini və onların haylarla heç bir əlaqəsi olmamasını akademik gözəl şəkildə izah etmişdir. Erməni əlifbasının V əsrdə yaradılmasına qədər onların daha qədim tarixləri haqda elmdə heç bir məlumatın olmamasını üzə çıxaran Ramiz müəllim nəzəri cəhətdən əsaslandırılmış bir fikri xüsusi olaraq vurğulayır. O, deyir ki, «…uzun əsrlər boyu erməni-qriqorian kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib ki, hətta mütəxəssislər də nəyin yalan olmasını çox zaman dəqiq seçə bilmirlər… Bu gün Ermənistan cənubi Qafqazda «forpost» rolunu oynayır. Qeyd etmək lazımdır ki, erməni xalqının etnopsixoloji xəritəsində opportunizm prioritet təşkil edir. Ermənilərin bütün imkanlardan istifadə edərək, hətta bütün insani və humanist prinsipləri ayaqlayaraq öz məqsədlərinə nail olmağa çalışırlar». Erməni etnosunun təhlilini verən akademik maraqlı və son dərəcədə obyektiv bir məsələyə də toxunur. O, qeyd edir ki, «… Öz irsi fiziki əlamətlərinə görə isə ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçılarda heyrət doğurur: bir xalqda bu qədər antropoloji fərq ola bilməz… ermənilərin etnogenezisini öyrənən tədqiqatçılar bilirlər ki, onların tərkibində assimilyasiyaya uğramış qaraçıların müəyyən təbəqələri vardır. Ola bilsin, bu səbəbdən ermənilər daimi yaşayış yerinə bağlı deyillər…. Ermənilərin etnogenezinin tədqiqi deməyə əsas verir ki, ermənilər-xalqların konqlomeratıdır, onların dili isə kombinasiyadır, kimmerlər tərəfindən Balkanlardan Kiçik Asiya ərazilərinə, Dəclə və Fərat çaylarının yuxarılarına sıxışdırılmış muşk tayfalarının dili ilə yerli xalqların-akkadların, hettlərin, luviyalıların, urartların, aysorların midiyalıların, farsların, parfiyalıların, türklərin və s. dillərinin birləşməsidir». Deyilən fikir və mülahizələri Azərbaycanda nəinki, ziyalılarımız, hətta bütün gəncliyimiz də bilməli və deyilən faktları unutmamalıdırlar.
Müsahibənin sonunda müasir dövrdə Azərbaycan dövlətinin apardığı siyasətin əhəmiyyətini vurğulayan Ramiz müəllim ulu öndər H.Əliyevin yaratmış olduğu milli ideoloji proqramı uğurla həyata keçirən möhtərəm prezident İ. Əliyevin siyasətinin əlamətdar cəhətlərini bir daha vurğulamış və qeyd etmişdir ki, «Prezident İ.Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Bu məsələnin həllinə nail olan dövlət rəhbəri həqiqətən milli liderdir».
Azərbaycanın roşənfikirli ziyalı təbəqəsi həmişə öz milli liderinin ətrafında sıx birləşmişdir. Azərbaycanın milli ideoloji proqramının millətçi ideologiya olmamasını artıq bütün dünya ictimaiyyəti gözəl bilir. Azərbaycanda mövcud tolerantlıq, azsaylı xalqların mədəniyyətinə hörmət və ehtiram xalqımızın humanist mövqeyindən, demokratik ənənələrə sadiqliyindən irəli gəlir. Azərbaycanın iqtisadi cəhətdən gün-gündən dəyişməsi, çiçəklənməsi və Avropaya inteqrasiya olması xalqın mədəni, yaşayış səviyyəsinin yüksəlməsilə yanaşı, həm də onun dünyanın sivil xalqları arasında daimayaşar bəşəri hüququnu təmin edir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..