Folklor İnstitutunda “Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” mövzusunda elmi konfrans keçirilib
24 yanvar 2023-cü il tarixində AMEA Folklor İnstitutunda unudulmaz ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Kamran Məmmədovun anadan olmasının 100 illiyi münasibətilə "Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı" mövzusunda elmi konfrans keçirilib. Konfransı AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqi ilə açıb. Akademik bildirib ki, professor Kamran Məmmədov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatını öyrənərkən şifahi xalq ədəbiyyatına söykənən, onu müqayisəli şəkildə tədqiqata cəlb edən nadir əbəbiyyatşünaslarımızdan biri olub. Şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan alim, həm də yazıçı, publisist və pedaqoq kimi tanınıb. Muxtar Kazımoğlu-İmanov qeyd edib ki, Kamran Məmmədov Azərbaycan ədəbiyyatşünaslığı tarixində iki məşhur metodun əsas nümayəndələrindən biri sayılır. Bu metodlardan biri dünya ədəbiyyatşünaslığında bioqrafik metod, digəri isə mədəni-tarixi metod kimi səciyyələndirilir. Akademik vurğulayıb ki, bu iki metodun vəhdətdə təzahürünü biz Kamran Məmmədovun müxtəlif yönlü monoqrafiyalarında görmüşük. Alimin “Qasım bəy Zakir”, “Əbdürrəhim bəy Haqverdiyev”, “Nəcəf bəy Nəzirov”, “Yusif Vəzir Çəmənzəminli” kimi fundamental monoqrafiyaları birinci növbədə həmin sənətkarların həyatı ilə bağlı faktların tədqiq olunması baxımından diqqəti cəlb edir. Bu monoqrafiyalarda yazıçıların tərcümeyi-halı ilə bağlı faktlar onların yaradıcılığı ilə bağlı faktlarla, eləcə də yaşayıb-yaratdıqları dövrlə üzvi vəhdətdə təqdim və təhlil olunub.
Akademikin giriş nitqindən sonra söz alan institutun Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərov professor Kamran Məmmədovla bağlı xatirələrini bölüşüb. O, Ədəbiyyat İnstitutunun aspiranturasında oxuduğu dövrdə Kamran müəllimin gənc alimlərə olan diqqət və qayğısından, onları elmə necə həvəsləndirməsindən danışıb. Ə.Əsgərov qeyd edib ki, XIX əsr Azərbaycan ədəbiyyatı məhz Kamran Məmmədovun fundamental tədqiqatlarında ilk dəfə yeni bir müstəvidə araşdırılıb.
Ə.Əsgərovun çıxışından sonra açılış toplantısının məruzələri dinlənilib. Öncə Folklor İnsitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Kamran Dadaşoğlu (Məmmədov) nəsrində müharibə mövzusu” başlıqlı məruzəsi ilə çıxış edib. O bildirib ki, görkəmli ədəbiyyatşünas Kamran Məmmədov elm aləmində fundamental monoqrafik tədqiqatları ilə tanınmaqla yanaşı, yazıçı kimi də qələmini sınamış, “Kamran Dadaşoğlu” imzası ilə oxucuların qəlbinə yol tapa bilmişdir. Onun iki hissədən ibarət “Yuxusuz illər” xatirə povesti, “Ömrün izi”, “Dünyamız uşaq gözündə” adlı hekayələr kitabı bədii fəaliyyətinin gözəl nümunələridir. “Yuxusuz illər” xatirə-povesti odlu-alovlu, məşəqqətli müharibə illərini (1941-1945) əks etdirir. Böyük Vətən Müharibəsinin ilk günündən sonuna qədərki bir dövrü əhatə edən “Yuxusuz illər” povestində Kamran Dadaşoğlu şəxsən iştirak etdiyi və şahidi olduğu hadisələri, cəbhə xatirələrini qələmə alıb. Cəbhə xatirələri Kamran Dadaşoğlunun hekayə yaradıcılığında da təzahür edib.
İnstitutun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova isə “Kamran Məmmədov və klassik Azərbaycan dramaturgiyası” mövzusunda çıxış edib. O, məruzəsində bildirib ki, professor Kamran Məmmədov Azərbaycan dramaturgiyası və tənqidi realizmi üçün yeni bir səhifə açıb. O, Azərbaycan dramaturgiyasının inkişaf perspektivləri, mövzu, motiv, obrazlar sistemi haqqında tənqidi mülahizələrini Nəcəf bəy Vəzirovun yaradıcılığı əsasında tədqiq edib. Ədəbiyyatşünas alim tədqiq etdiyi əsərlərin ideya və məzmun xüsusiyyətlərini müəllif və ictimai-siyasi mühit, ədibin həyatı və yaradıcılığı, mövzu modelləri kimi istiqamətlər əsasında araşdırıb. Məruzəçi vurğulayıb ki, klassik Azərbaycan dramaturgiyasının bədii dili, folklor qaynaqları, eləcə də sələf-xələf münasibətləri də tənqidçi alim tərəfindən elmi-nəzəri istiqamətdə tədqiq edilib.
Açılış toplantısının sonunda Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovanın “Professor Kamran Məmmədovun tədqiqatında Əbdürrəhim bəy Haqverdiyev bədii irsinə folklor prizmasından baxış” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, realist Azərbaycan dramaturgiyasının və bədii nəsrinin görkəmli nümayəndələrindən olan, o vaxta qədər həyat və yaradıcılığı haqqında geniş məlumat verilməyən Əbdürrəhim bəy Haqverdiyevin bədii irsi ilk dəfə məhz professor Kamran Məmmədovun araşdırmasında öz elmi təhlilini tapıb. Məruzəçi nəzərə çatdırıb ki, ədəbiyyatşünas alim Ə.Haqverdiyevin öz əsərlərində atalar sözü, nağıl, dastan, lətifə və s. kimi folklor janrlarının nəinki məzmunundan, eləcə də onların şəkli xüsusiyyətlərindən bəhrələnməsini, bu xüsusiyyətləri yaradıcı surətdə işləməsini orijinal şəkildə səciyyələndirib.
Açılış toplantısından sonra “Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” mövzusunda elmi konfrans öz işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında fil.ü.f.d. Əpoş Vəliyev “Qasım bəy Zakir professor Kamran Məmmədovun tədqiqatında”, fil.ü.f.d., dos. Sevinc Əliyeva “Professor Kamran Məmmədova həsr olunmuş “Ruhum da Şuşadan nigaran qalıb” kitabı haqqında”, fil.ü.f.d. Gülsümxanım Hasilova “Kamran Dadaşoğlu (Məmmədov) nəsrində xalq ədəbiyyatından bəhrələnmə”, fil.ü.f.d., dos. Səməngül Qafarova “Uşaqların həyatı Kamran Dadaşoğlunun yaradıcılığında”, elmi işçi Gülnar İsmayılova “Kamran Məmmədov və Azərbaycan ədəbiyyatı məsələləri”, fil.ü.f.d. Xəyalə Ağayeva “Yusif Vəzir Çəmənzəminli yaradıcılığı Kamran Məmmədovun araşdırmalarında”, fil.ü.f.d. Aytac Abbasova “Kamran Məmmədovun hekayələrində folklorizm”, fil.ü.f.d. Şəbnəm Məmmədova “XIX əsr Azərbaycan satirası Kamran Məmmədovun tədqiqatlarında”, şair-publisist, AJB-nin üzvü Pərixanım Mikayılqızı (Muradova) “Müasir dövrümüzün ədəbiyyat tarixçisi”, kiçik elmi işçi Mahir Cavadov “Kamran Məmmədovun Qasım bəy Zakir yaradıcılığına tarixi aspektdən yanaşması” adlı məruzələrlə çıxış ediblər.








|