
SEYFƏDDİN HƏMZƏ OĞLU QƏNİYEV
(1952-2023)
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir!
Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev 16 yanvar 2023-cü il tarixində, ömrünün 71-ci ilində həyata vida etmişdir.
Seyfəddin Həmzə oğlu Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Nərimankənd orta məktəbini tərifnamə ilə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra həmin institutun aspiranturasında təhsil almışdır. Bir müddət Şamaxı rayonu Göylər kənd orta məktəbində müəllim kimi çalışmışdır. Məktəbdə işlədiyi müddətdə “Metodist müəllim”, “SSRİ Maarif əlaçısı” adlarına layiq görülmüş, Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur.
Seyfəddin Qəniyev 1993-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında, 2003-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında müxtəlif vəzifələrdə çalışmışdır. 2012-ci ildən AMEA Folklor İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
Seyfəddin Qəniyev 1992-ci ildə “M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsərinin bədii metod və janr xüsusiyyətləri” mövzusunda namizədlik, 2002-ci ildə “Azərbaycan folklorunun regional özunəməxsusluğu: Şirvan folklor mühiti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü olmuş, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2009-cu ildə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
Alim 40 kitabın (monoqrafiya, toplu, metodik tövsiyə və s.), 120-dən çox tezis və məqalənin müəllifi idi. Onun “Şamaxı alimləri – elm fədailəri” (Bakı: Ozan, 1997), “XX əsr Şirvan şairləri” (Bakı: Ozan, 1997), “Şamaxı şəhidləri” (həmmüəllifli, 1997), “Şirvanın 350 şairi” (həmmüəllifli, 1999), “Aşıq şeirinin poetikası” (Bakı: ADPU, 1999), “Şamaxı məktəbləri, maarif fədailəri” (həmmüəllifli, 1999), “1918-ci il Şamaxı soyqırımı” (Bakı: Nurlan, 2003), “Azərbaycan folklor antologiyası (Şirvan folkloru)” (Bakı: Səda, 2005), “S.Ə.Şirvani ocağı” (Bakı: Nurlan, 2013) və başqa əsərləri xüsusi əhəmiyyət kəsb edir.
Şərəfli və məhsuldar bir ömür yaşamış Seyfəddin Qəniyevin əziz xatirəsi onu tanıyanların qəlbində ədəbi yaşayacaqdır.
Allah rəhmət eləsin!
|