AMEA Folklor İnstitutunda tədqiqatçılar fəxri fərmanla təltif olunub
27 dekabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda AMEA Humanitar bölməsinin xətti ilə bəzi tədqiqatçılar fəxri fərmanla təltif olunub. AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclası açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci ili Şuşa ili elan etməsi münasibətilə ölkə miqyasında bir çox tədbirlər keçirilib. Folklor İnstitutu da bu sahədə xeyli toplama, tədqiqat və sistemləşdirmə işləri görüb: 2012-2015-ci illərdə nəşr olunmuş “Qarabağ: folklor da bir tarixdir” seriyasından olan kitablar, S.Abbaslının Qarabağ folklorunun janr və mərasimlər sistemi ilə bağlı araşdırması və s. tədqiqatlar buna misaldır. Həmçinin bu istiqamətdə konfranslar da keçirilib. 2014-cü ildə Tərtər İcra Hakimiyyəti ilə birlikdə Tərtər rayonunda “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda keçirilmiş konfrans, 2017-ci ildə Elmin İnkişaf Fondu xətti ilə həyata keçirilmiş “Qarabağın xalq oyunları və meydan tamaşaları” layihəsi bu qəbildəndir. Eyni zamanda bu sahədə Folklor studiyası Qarabağ musiqisi: muğam parçaları, təsniflər, xalq mahnılarını, həmçinin “Valeh və Zərnigar”dastanını lentə alaraq disk şəklində hazırlamışdır.

Akademik Muxtar Kazımoğlu-İmanov Qarabağ mövzusu ilə bağlı son iki ilin tədqiqatlarını da xüsusi olaraq vurğulayaraq qeyd edib ki, bu müddətdə Folklor İnstitutu beş kitabdan ibarət tədqiqat işi nəşr edib. Bu kitablardan ikisi “Zəngəzur folklor örnəkləri”nin birinci və ikinci cildləridir ki, həmin toplularda Etibar Talıblının böyük zəhməti vardır. Üç kitab isə Zəngəzur folklor materiallarının əsasında aparılan tədqiqatlardan ibarətdir. Akademik daha sonra UNESKO xətti ilə Qarabağ və Zəngəzur folklorunun tədqiqi istiqamətində kafedranın təsis edilməsindən, bu işdə Türkiyənin dövlət və elmi qurumlarının dəstəyindən söz açıb.

Folklor İnstitutunun direktoru yaxın günlərdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, millət vəkillərinin, İnstitut direktorlarının iştirakı ilə keçirilən hesabat yığıncağından, akademik İsa Həbibbəylinin Rəyasət Heyətinin və AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanlarını təqdim və elan etməsindən danışıb. Akademiik Muxtar Kazımoğlu-İmanov AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanı ilə təltif edilmiş Folklor İnstitutu əməkdaşlarının elmi fəaliyyətindən bəhs edib və bu əməkdaşlara fəxri fərmanları tədqim edib: f.e.d., professor Əfzələddin Əsgər, fil.ü.f.d. Sönməz İsrafil qızı Abbaslını, fil.ü.f.d. Sərxan Abbas oğlu Xavərini, fil.ü.f.d., dos. Etibar Əjdər oğlu Talıblını, fil.ü.f.d. Hikmət Valeh oğlu Quliyevi, fil.ü.f.d. Səfa Pənah oğlu Qarayevi, fil.ü.f.d. Əpoş İslam oğlu Vəliyevi, fil.ü.f.d. İlkin Fariz oğlu Rüstəmzadəni, fil.ü.f.d. Qumru Fuad qızı Şəhriyarı, f.e.d.İslam Hüseyn oğlu Sadıqov. İclasın sonunda Muxtar müəllim təltif olunan əməkdaşları təbrik edib, AMEA Humanitar Elmlər Bölməsinə, xüsusilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə öz təşəkkürünü bildirib.





|