Folklor İnstitutunda Aşıq Şakirin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
20 dekabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Aşıq Şakir Hacıyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. İnstitutun Musiqi folkloru şöbəsinin və “İZ” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi tədbir Tofiq Abdullayevin “Aşıq Şakiri ürəklərdə axtarın” kitabının təqdimatı ilə başlayıb.

Tədbirdə Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqi ilə çıxış edərək, Aşıq Şakiri XX əsr Azərbaycan aşıq sənətinin ən nəhəng nümayəndələrindən biri kimi səciyyələndirib. Akademik vurğulayıb ki, Aşıq Şakir özünəməxsus gözəl səsi ilə seçilən, saz ifaçılığının ən yüksək zirvələrini fəth edən, eləcə də özündən əvvəlki klassik aşıq ədəbiyyatının incilərini mənimsəyib xalqa çatdıra bilən qüdrətli el sənətkarı olmuşdur: “Ən başlıcası isə Aşıq Şakir ağır məclislər aparan, dastançılıq ənənələrini yaşadan ustad aşıqlarımızdandır. Bir sənətkar dastan danışmırsa, ağır məclislər aparmırsa, ona ustad aşıq demək çox çətindir”. Muxtar Kazımoğlu-İmanov fikirlərinə onu da əlavə edib ki, Şirvan aşıq mühiti son dərəcə fərqli dəsti-xəttə malikdir və bu mühitdə aşıq sənəti muğam ifaçılığı ilə qovuşaraq özünəməxsus keyfiyyətlər qazanıb. Tofiq Abdullayevin Aşıq Şakirlə bağlı kitabını yüksək dəyərləndirən akademik onun bu kitabda Aşıq Şakiri yetişdirən mühit haqqında da yazmasını olduqca təqdirəlayiq və əhəmiyyətli məsələ hesab edib. Muxtar Kazımoğlu-İmanov bildirib ki, Şakir Göyçaylı Aşıq Mürsəldən dərs alsa da, Mirzə Bilal məktəbinin yetirməsi sayılır. Aşıq Bilal isə sıradan bir aşıq olmayıb, Cümhuriyyət dövrünün düşüncə tərzi ilə yaşayan, milli şüura sahib bir sənətkar olub.
Sonra çıxış edən Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri prof. Nailə Rəhimbəyli Tofiq Abdullayevin yazmış olduğu kitabın Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Şakir yaradıcılığının öyrənilməsinə yeni bir töhvə olduğunu qeyd edib. Kitabda aşığın həyat və yaradıcılığından, bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən, aşıq sənətinin inkişafındakı rolundan bəhs olunduğunu vurğulayıb.

Kitabın müəllifi Tofiq Abdullayev söz alaraq, ömrünün iyirmi ilini bu əsərin ərsəyə gəlməsinə sərf etdiyindən danışıb və bildirib ki, kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət və dövlət xadimlərinin Aşıq Şakir haqqında fikirlərinə geniş yer verilib. Dahi Bülbül, Əliağa Vahid, Zülfü Adıgözəlov, Xan əmi, Əlibaba Məmmədov, Vasim Məmmədəliyev, akademik Ziyad Səmədzadə, professor Qəzənfər Paşayev və başqa bir çox elm və sənət adamlarının Şakirlə bağlı yazıları burada oxuculara təqdim olunub.

Daha sonra professor Qəzənfər Paşayev Aşıq Şakirin məclislərdə bir çox dillərdə ifa edə bilməsindən, böyük istedad sahibi olmasından, ustad sənətkar kimi Azərbaycanın həm şərq, həm qərb aşıq mühitlərində sevilməsindən danışıb. Professor qeyd edib ki, Aşıq Şakirin repertuarından olan “Boylana-boylana”, “Kəndimiz”, “Nərgiz”, “İşıqlıdır lampaları” və digər mahnılar bu gün də populyardır və şadlıq məclislərində ifa edilir.

Tədbirdə iştirak edən şair-xanəndə Ağakərim Nafiz Aşıq Şakirlə bağlı xatirələrini bölüşüb. Şair Kərəm Kürqıraqlı-Çaylı, “İZ” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova, Aşıq Ağamurad Şirvanlı, şair Əlvahid, Tahir Şirvanlı və digərləri aşığın yaradıcılığından və sənətkarlığından söz ediblər.

Aşıq Şakirin nəvəsi dosent Qətibə Mahmudova Aşıq Şakirin yaradıcılığı ilə bağlı elmi tədqiqat işinin davam etdirdiyini və onun yaradıcılığını əks etdirən yeni kitabın nəşrə hazırlandığını bildirib.
Sonda ustadın nəvəsi Aşıq Babək Şakir, Aşıq Elman Mehdiyev, Aşıq Elçin, Aşıq Elnur və Aşıq Əvəzxan ustadın bəstələdiyi mahnıları ifa ediblər.


|