Professor Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub

16 dekabr 2022-ci il tarixində AMEA-da Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun 70 illik yubileyi münasibətilə Respublika Elmi Konfransı keçirilib. Konfransı AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq, yubilyarın həyat və yaradıcılıq yolundan, AMEA Folklor İnstitutunun yaradılmasındakı xidmətlərindən danışıb. O, bildirib ki, Hüseyn İsmayılov 1994-cü ildən AMEA-nın Ədəbiyyat İnstututu nəzdində yaradılmış Folklor Sarayı Elmi-Mədəni Mərkəzində direktor vəzifəsində çalışmışdır. Hələ o dövrdən Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və elmi tədqiqi istiqamətində çox işlər görüldüyünü vurğulayan akademik qeyd edib ki, Hüseyn İsmayılovun rəhbərliyi altında Azərbaycan foklorşünaslığının yeni bir istiqaməti müəyyənləşdirilmiş, regional folklorşünaslığa böyük bir yürüş başlamışdır. Bu istiqamət 2003-cü ildə Folklor İnstitutu yarandıqdan, Hüseyn müəllım yenidən o quruma direktor təyin edildikdən sonra da davam etdirilib və bu gün də davam etdirilir. Akademik çıxışında onu da nəzərə çatdırıb ki, Hüseyn İsmayılovun elmi fəaliyyətinin əsas tədqiqat obyekti, onun boya-başa çatdığı, vurğunu olduğu Göyçənin folklor mühiti olub. “Hüseyn İsmayılovun Göyçə ilə bağlı araşdırmaları sübut etdi ki, Göyçə ona görə bizim vətənimizdir ki, orada bizim mədəniyyətimizin möhürü var. Hüseyn İsmayılov ulu vətən olan Göyçəni yaddaşlardan kitaba köçürmək, onun təhlilini aparmaq missiyasını şərəflə yerinə yetirmişdir”. Akademik çıxışının sonunda Hüseyn İsmayılova can sağlığı arzulayaraq ona Folklor İnstitutunun fəxri diplomunu təqdim edib.

Daha sonra professor Asif Hacılı “Hüseyn İsmayılovun folklorşünaslıq fəaliyyəti” adlı məruzə ilə çıxış edib. O, yubilyarın rəhbərliyi ilə Folkor Sarayı Elmi-Mədəni Mərkəzinin yaradılması, sonra onun instituta çevrilməsini, folklorun filoloji bir elm sahəsi olmaqda qalmayıb, milli kimliyi müəyyən edən mədəni təzahürlərin tədqiqinə yönəlməsini böyük hadisə adlandırıb və bunun Hüseyn İsmayılovun fədakarlığından və vətənpərvərlik missiyasından irəli gəldiyini qeyd edib.

Sonra professor Seyfəddin Rzasoyun “Folklorlaşan alim ömrü” adlı məruzəsi dinlənilib. O da Hüseyn İsmayılovun elmi-təşkilati fəlıyyətindən bəhs edib, yubilyarı müasir Azərbaycan folklorşünaslığının patriarxı kimi səciyyələndirib.

Fil.ü.f.d., dos. Qalib Sayılovun “Hüseyn İsmayılov və Göyçə aşıq mühiti” adlı məruzəsində isə Hüseyn İsmayılovun Göyçə aşıq mühiti, onun inkişaf mərhələləri, nümayəndələri, onların poetik yaradıcılığı və s. məsələlərin öyrənilməsindəki xidmətlərindən danışılıb.

Məruzələr bitdikdən sonra AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, fil.ü.f d., dos. Seyfəddin Altaylı, fil.ü.f d., dos. Sərxan Xavəri və digərləri çıxış edərək yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıblar. Konfransın sonunda Dədə Ələsgər İctimai Birliyinin sədri Xətai Ələsgər təmsil etdiyi qurumun adından yubilyara fəxri diplom və “Dədə Ələsgər – 200” medalını təqdim edib.



|