Folklor İnstitutunun əməkdaşı Türkiyədə “Türk dünyasında Kadın Olmak” Beynəlxalq Qadın Çalışmaları Konqresində iştirak edib

5-7 dekabr tarixlərində Türkiyənin dördüncü şəhəri olan Bursada “Türk dünyasında Kadın Olmak” Beynəlxalq Qadın Çalışmaları Konqresi keçirilib. “Türk Dünyası Kültür Başkənti - Bursa-2022” layihəsi çərçivəsində keçirilmiş Konqres Bursa şəhər Böyük Bələdiyyəsi və Uludağ Universiteti tərəfindən təşkil edilib.
“Türk dünyasında Kadın Olmak” Beynəlxalq Qadın Çalışmaları Konqresində Moldova, Ukrayna, İran, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və başqa bir çox ölkələrdən elm adamları, tanınmış araşdırıcılar müxtəlif maraqlı məruzələrlə çıxış etmişlər.

Konqresin Prof.Dr. Handan Asude Başalın sədrliyi ilə keçirilən plenar iclasında Folklor İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d., dosent Səkinə Qaybalıyeva “Azərbaycan Halk Bilimində Kadın” mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir. Türk dünyasının elm və mədəniyyət tarixində tanınmış fikir adamı İsmayıl bəy Qaspıralının nəvəsi Gülnar Seyitvaniyevanın da Konqresdə iştirakı araşdırıcılar tərəfindən maraqla qarşılanmışdır.
S.Qaybalıyevaya iclasın sədri və Konqresin fəxri qonağı TBMM Ədalət Komissiyasının üzvü Əminə Yavuz Gözgeç tərəfindən “Təşəkkür Ödülü” təqdim edilmişdir.
“Türk dünyasında Kadın Olmak” Beynəlxalq Qadın Çalışmaları Konqresi dekabrın 7-də öz işini başa çatdırmışdır.