Folklor İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

08 dekabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Akademik bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyi tarixində xüsusi xidmətləri olan nadir şəxsiyyətlərdən biridir. Məhz Ulu Öndərin respublikada hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən Azərbaycanın təhlükəsizliyi, torpaqlarımızın bütövlüyü uğrunda mühüm addımlar atılmağa başlanılıb. Sovet dörünün məhdud imkanları daxilində Heydər Əliyevin təşəbbüsü, inadı, səyi və uzaqgörənliyi hesabına Azərbaycanda xüsusi hərbi məktəb açılıb, Azərbaycan dili dövlət dili statusu qazanıb. Alim bildirib ki, dövlətin taleyüklü məsələlərinin həlli Heydər Əliyevin hələ sovet dövründə mədəniyyət, incəsənət, iqtisadiyyat, elm və təhsil sahəsində yürütdüyü siyasətin tərkib hissəsini təşkil edib. Akademik nəzərə çatdırıb ki, AMEA Folklor İnstitutu da Heydər Əliyevin adıyla birbaşa bağlıdır. Belə ki, 1994-cü ildə yaradılmış Folklor Elmi-Mədəni Mərkəzi 2003-cü ildə H.Əliyevin prezidentliyi dövründə, onun tövsiyəsi ilə institut statusu alıb. Akademik çıxışının sonunda onu da vurğulayıb ki, II Qarabağ savaşında əldə etdiyimiz qalibiyyətin, yəni ordu quruculuğunun və buna imkan verən iqtisadi inkişafın bönövrəsi də Heydər Əliyevin prezidentliyi dövründə atılıb.
Giriş nitqindən sonra institutun Folklor studiyasının Ümummilli Liderlə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Daha sonra institutun elmi işçisi Mahir Cavadlı çıxış edərək, Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu kimi fəaliyyətindən bəhs edib. Tədbirdə söz alan fil.ü.f.d., dosent İlhamə Qəsəbova Heydər Əliyevi Azərbaycan xalqının milli mədəniyyətinə və elminə xüsusi önəm verən böyük bir şəxsiyyət kimi dəyərləndirib. Fil.ü.f.d., dosent Şakir Albalıyev isə çıxışında Ulu Öndərin Azərbaycan sevgisindən, onun bir azərbaycanlı kimi mental dəyərlərimizə bağlılığından, ağsaqqalıq institutundan yararlanaraq ölkədə sabitliyin yaradılmasında mühüm rolundan söz açıb.




|