Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.12.2022

AMEA Folklor İnstitutunun “Klassik folklor” şöbəsinin böyük elmi işçisi Səadət Mustafayevanın “Dədə Qorqud dünyası” elmi-nəzəri jurnalında məqaləsi çapdan çıxmışdır.

ZƏNGİLANIN MƏŞHUR YERLƏRİ

Ana vətən Azərbaycanın dilbər guşələrinin çox qədim tarixi vardır. Bu guşələrdən biri olan Zəngilan ərazisində elə məşhur yer – kənd, dağ, düzənlik adları vardır ki, onların da tarixi-coğrafi xüsusiyyətləri, əmələgəlmə yolları araşdırılmalıdır. Məşhur yerlər xalqımızın keçmişini canlandırdığı üçün bu məfhumlar daima diqqətdə saxlanılmalıdır. Burada mövcud olan arxeoloji qazıntılar Vətənimizin uzaq keçmişini, hətta eramızdan əvvəlki zamanlarını göstərir. Azərbaycan şəhərlərinin meydana gəlməsi haqqında məlumatlar qədim və orta əsr tarixi mənbələrində çox nadir hallarda rast gəlinir. Bu baxımdan, həmin dövrlərin məşhur yerlərinin tarixi çox maraqlı, həm də əhəmiyyətli mənbədir. Bu yerlərin qədim tayfa, yer, şəxs adları da xüsusi maraq doğurur. Məhz bu əlamətlərə əsasən, biz bir sıra qaranlıq qalmış mətləblərə aydınlıq gətirə bilirik. Bu baxımdan, Zəngilanın məşhur yerləri ilə bağlı deyilənlərə diqqət yetirsək Mikayıl Heydərov “Zəngilan şəhərinin tarixinə dair bir necə söz” məqaləsində yazır: “Bu cəhətdən “bəxti” gətirmiş şəhərlər sırasında Zəngilanın adını çəkmək olar. Əvvəlcədən qeyd edək ki, əlimizdə olan mənbələrdə (1, 101) şəhərin adı Zəngilan yox, Zəngiyan verilmişdir. Orta əsrlərdə İran Azərbaycanında mövcud olmuş şəhər indi də əvvəlki adını daşımaqdadır. İndi də Zəngiyanın nə demək olduğunu aydınlaşdıraq. “Zəngi” və ya “zənci” indiki mənada “qara adam”, “qara qul” mənasını daşıyır. Buradakı “van”, “an” isə qədim fars, pəhləvi dilində cəm bildirən şəkilçidir. Məsələn, Şirvan, Naxçıvan, Mincivan və s. Beləliklə, böyük ehtimalla “Zəngiyan” və ya “Zənciyan” sözləri ərəbcə olub (burada “g” “c”-ya keçə bilir), “qara adamların”, “qulların” məskən saldığı yer, şəhər” anlamına gəlir. Burada “qara” sözü yalnız dərinin rənginə yox, birinci növbədə, məskən salanların ictimai vəziyyətinə, onların aşağı təbəqədən olmasına işarədir. Yuxarıda deyilənləri müstəqim və dolayısı ilə təsdiq edən başqa tarixi faktlar da gətirmək olardı. Lakin bununla məsələnin tam həllini vermək qeyrimümkündür. Toponimik-coğrafi adların əmələ gəlmə qanunlarını öyrənən elm kimi, coğrafi adların semantikasını (istilahi mənasını) müəyyənləşdirmədə çox nadir hallarda, həm də dəqiq tarixi sənədlər mövcud olduqda, şübhəsiz, nəticələr əldə edilə bilər. Ona görə yuxarıda deyilənlər hələlik bir fərziyyə olaraq qalır.
Bəs Zəngilan şəhəri nə vaxt meydana gəlmişdir? XIX əsrin birinci yarısında yaşamış məşhur coğrafiyaşünas Həmdullah Qəzvini yazır ki, Zəngiyan şəhəri Araz çayı üzərində salınmış Xudafərin körpüsü tərəflərdədir. Bu şəhərin əsası Hicri tarixi ilə 15-ci ildə (deməli, miladi tarixi ilə 636-637-ci illərə düşür) xəlifə Əbubəkir tərəfindən qoyulmuşdur (1, 101). Bu məlumatın özündə müəyyən ziddiyyət vardır. Məsələ burasındadır ki, Xəlifə Əbubəkir 634-cü ildə ölmüşdür. Əgər Azərbaycanda ərəb işğalı 639- cu ildən başlayırsa, o halda, onun 636-cı ildə Zəngiyanın əsasını qoya bilməsi ağlasığan deyil. Bununla belə, bu məlumat öz-özlüyündə çox qiymətlidir. Çünki həmin məlumat şəhərin tarixini eramızın VII əsrinin əvvəllərinə aparıb çıxarır. Görünür, Həmdullah Qəzvininin bu məlumatı özündən çoxçox qabaqlarda yaşamış ərəb tarixçilərinin əsərlərindən götürülmüşdür. Elə ona görə də, bu fakt şəhərin yaranma tarixinin daha qədim olduğunu güman etməyə əsas verir. İş orasındadır ki, ərəb mənbələri bir qayda olaraq, ərəb sərkərdələrinin və zadəganlarının təmir etdirdikləri və ya genişləndirdikləri şəhərlərin (məsələn, Təbriz, Şamaxının) meydana gəlməsini öz adları ilə bağlayırlar. Halbuki bu şəhərlərin adlarına çox-çox qədim mənbələrdə rast gəlinir. Zəngilan (Zəngiyan) şəhərinin adına qədim mənbələrdə rast gəlməsək də, güman etmək olar ki, onun yaranması daha qədimə aiddir. Əlverişli təbii şəraiti hələ ibtidai dövrlərdən buranın məskunlaşmasına imkan vermişdir. İlk feodal cəmiyyəti dövründə ticarət yollarına, qədim mədəniyyət mərkəzi olan Naxçıvana, qədim mis mərkəzlərindən Qafana və Əcanana yaxın olması buranın şəhər həyatının inkişafı üçün mühüm rol oynamışdır. Zəngilan (Zəngiyan) şəhərinin əmələ gəlmə dövrünü müəyyənləşdirməkdə köhnə şəhərin ərazisində və ya Şərifanda aparılacaq arxeoloji qazıntılar çox şey verə bilər. Tarixi sənədlər orta əsr şəhərlərinin dönə-dönə öz yerlərinin dəyişdirildiyinə dair tutarlı dəlillər verir. Zəngilan toponiminə gəlincə, bizcə o sonradan əmələ gəlmiş şifahi xalq dilinə – indiki Azərbaycan dilinə uyğunlaşdırılmış bir istilahdır. Ona görə şəhərin tarixi adının ara söhbətlərindədeyildiyi “Zəng-i ilanla” heç bir əlaqəsi olmamış və yoxdur” (1, 4). Buradan məlum olur ki, xalq zaman-zaman bəzi yer adlarını özünüküləşdirərək dəyişib başqalaşdırır. Özünə rahat olan sözlərlə əvəz edir və bunu illərlə yaşadıb tarixiləşdirir. Lakin bizim borcumuz bunun kökünü araşdırıb üzə çıxarmaqdır. Rəşid Təhməzoğlunun “Pirçivan-Pirçəvan” adlı məqaləsində Zəngilan bölgəsinin Qıraq Müşlan kənd sakini Həsəncan kişinin fikirlərini aşağıda olduğu kimi nəzərə çatdırırıq. İnformator yazır: “Saqqız ağacının yaşı çoxdur. Onun gödərək olmasına baxma. Bu yerlərdə təkdən bir gözə dəyir. Bunlar üçdür. Görürsənmi? –əli ilə Oxçu çayının o tayını – İçəri Müşlan kəndinin üstündəki təpədə görünən tənha ağacı göstərir. Bizim kənddə biri də var. Bu ağaclara “üçqardaş pirlər” deyərlər. Bir zaman adamlar bura ziyarətə gələr, çıraq yandırar, qurban kəsərdilər. Neçə vaxtdır bu adət unudulub. – Bəlkə, adamlar daha pirlərə inanmırlar? – Yox, inananlar var, olmasaydı, ağacları inam yeri kimi qorumazdılar... Marağım daha da artır. Ağaca yaxın gəlib onun torpaqdan möhkəm yapışan quş caynaqlarına bənzər əyri köklərinə, cadar-cadar olmuş gövdəsinə diqqətlə baxıram. Axtardığını tapmış adamlar kimi ürəyimdə rahatlıq hiss edirəm. Neçə vaxtdır, “Pirçivan” sözünün etimologiyası barədə düşünürəm. İndi onu torpağın özündə tapmışam. “Pirçivan” Zəngilan qəsəbəsinin köhnə adıdır. Kəndlərin adındakı qədimilik məni tarixin dərin qatlarına aparır. Deməli Müşülan, yəni Muğilan, yaxud Muğilan, bəlkə də, Maqilan-muğların (mağların) yaşayış yeri, məskəni deməkdir. Güman ki, vaxtilə İçəri Müşülanİç Muğilan, Qıraq Müşülan isə Taş Muğilan adlanmışdır. Saqqız ağacları da atəşpərəst muğların etiqad yerləri – pirləri olmuşdur... Xəyalən Oxçu çayı vadisi boyu Zəngiur (Zəngəzur) torpaqlarını, bir zaman soydaşlarımın məskən saldıqları doğma el-obaları dolaşıram. Bu kəndlərin çoxun-da əsrlərdən üzü bəri etiqad yeri olan pirlər (həm ağac, həm daş) qalmaqdadır. Bir neçəsinin adı yadıma düşür: Üçqardaş Dağdağan, fındıq ağacı pirləri (Gomaran kəndi), Üçqardaş Dağdağan pir (Şəhərcik kəndi), Üçqardaş kəkilli Palıd pir (Gilətağ kəndi)... Dağdağan pir (Seyidlər kəndi). Dağdağan, pir (Davburd qalası), Çinar pirlər (Ohdar kəndləri) və s. Onu da deyim ki, başqa yerlərə nisbətən, Zəngəzur ərazisində pirlər daha çox qorunub-saxlanmışdır. Bu inam məkanları haqqında yaranan müxtəlif əfsanələr də öz yerində. Tarixi və müasir yazılı mənbələrdə bu barədə qeydlər az deyildir. VII əsrin tarixçisi M.Kalankatlının “Ağban ölkəsinin tarixi” kitabında hun tayfalarının “Müqəddəs palıd” ağacının xristian yepiskonunun təhriki ilə kəsilməsindən söhbət açılır. Filologiya elmləri doktoru M.Seyidov “Qızıl döyüşçünün taleyi” (1984) kitabında yazır: “Ağaca – Dünya ağacına inam bütün türkdilli xalqlarda varmış və bu inamın ya özü, ya da izləri bu və ya başqa şəkildə son vaxtlara qədər yaşamışdır...”. Filologiya elmləri doktoru K.Vəliyevin “Elin yaddaşı, dilin yaddaşı” (1988) kitabında da təxminən eyni fikrə rast gəlirəm: “Türkdilli xalqlar arasında Ağac kultu geniş yayılmışdır. Onlar ağacı tanrı və ya tanrıdan ayrılmış bir parça hesab edirlər”. Bütün bunlar isə ana abidəmiz “Kitabi-Dədəm-Qorqud”da Basatın Təpəgözə söylədiyi “Anam adın sorar olsa, – Qaba Ağac!” cavabı ilə səsləşir. Deməli, Zəngilan ərazisində ağac pirlərin qədimliyinin sübuta ehtiyacı yoxdur. “Pirçivan” toponiminin də həmin pirlərlə bağlı yaranması onun kimi. Mən yerli sakinlərdən çox soruşmuşam. Həmişə də eyni cavabı almışam: “Pirçivan” Pircavan deməkdir, yəni “cavan pir”. Əvvəla, “pir” məfhumu “qocalıq” mənasını ifadə edir. Hər ikisi fars mənşəlidir. Pirin “qocası”, “cavanı” ola bilmədiyindən “Pirçivan” toponimini də “pir” və “cavan” komponentlərinə ayırmaq doğru sayılmazdı. Bəzən həmin ərazidə yerləşən “Mincivan” toponimini də bu cür yanaşır, “min” və “cavan” etnonimlərindən yarandığını söyləyirlər. Bu, düzgün deyildir. Bəs “Pirçivan” sözünü necə açıqlamaq lazımdır? Mənə elə gəlir ki, bu toponimin ilk yaranma şəkli “Pirçivan” olmuşdur. Bu da “Pir yeri”, “pir məkanı”, “pirlər olan torpaq” mənasını ifadə edir. Bəzi mənbələrdə T.Əhmədovun “El-obamızın adları” (1984) kitabında) bu ad “Pircahan” kimi qeyd edilir. Bu da adicə dil hadisəsidir (saat-sahat, Pirsaat-Pirsahat, camaat-camahat və s.).
Məlumdur ki, türk dillərində, o cümlədən Azərbaycan dilində saitlə bitən sözlərə saitlə başlanan şəkliçi əlavə etdikdə tələffüzdə bunların arasına “b”, “v”, “y” və “h” samitləri artırılır. Doğrudur, sözün ikinci komponenti olan “an” şəkilçisi tarixən həm cəm, həm də məkan mənalarında işlənmişdir. Ancaq “an” şəkilçisinə “v” samiti artıran kimi, söz cəmlikdən çox, yer, məkan mənasını bildirir (məs. Mu-an toponim olsada, “muğlar” cəmliyini də ifadə edir. Amma Muğ-van, yaxud Muğanvan deyilən kimi, daha burada cəmlikdən söhbət gedə bilməz). “Pirçivan” toponiminin “Pirçivan” variantına da, fikrimcə, bu baxımdan yanaşmaq lazımdır. Qeyd etməliyəm ki, “van” şəkilçisi erməni dilində daha çox işləndiyinə görə, bəziləri onun həmin dilə məxsus olduğunu söyləmişlər. Bu fikirlə razılaşmaq olmaz. Təbii bir sual meydana çıxır: əgər “pir” və “van” komponentləri varsa, bu toponim “Pirvan”, yaxud “Pirevan” kimi tələffüz olunmalı deyildimi?! Onda “cə”, “ca” şəkilçiləri nəyə lazımmış? Məsələ burasındadır ki, bu şəkilçilər tarixən çox fəal olubdur . Bunlar kiçiltmə və əzizləmə mənalarını yaratdıqları kimi, məkan, yer bildirən adlara da qoşulmuşdur. Qapanın (Qafanın) Gilətag kəndinin dağında bir qaya pir var., adına Oğlanıca deyirlər (yanındakı kiçik Şişqayanı oğlu hesab ediblər və onun ətrafına dolanar, daşları öpər və çıraq yandırıb, qurban kəsərdilər). Pirdən bir az aralıdakı yaylağa isə Yellicə adı veriblər. Göründüyü kimi, hər iki şəkilçi məkan bildirən sözlərə əlavə edilibdir” (3, 3).
Zəngəzurun bu məşhur yerlərindən xeyli misal gətirmək olar. Deməli, həmin yerlər coğrafi şəraiti özlərində əks etdirə bilirlər. “Pircəvan” adı da bu sıradandır. Ahəng qanuna uyğun olaraq “cə”-“ca” kimi tələffüz olunur. Çapar Kazımov “Tiri” adlı məqaləsində yazır: “Zəngilan rayonunun Araz boyu kəndlərindən biri də Tiridir. “Tiri” sözünün mənası nədir? Nə üçün ulu babalarımız kəndə “Tiri” adı veriblər? Bəlkə də bu sualların cavabları çoxlarına aydın deyil. Halbuki yer adlarında – toponimlərdə dilimizin, tariximizin, mədəniyyətimizin qədim izləri mühafizə edilir, gələcək nəsillərə çatdırılır. “Tiri” sözü “Diri” sözünün qədim formasıdır. “Azərbaycan dilinin izahlı lüğətində Diri sözü barədə belə bir qeyd var: Diri sifətdir, canı olan, canı saz, yaşayan – ölümə zidd mənasında (səh. 114). Axtarışlar nəticəsində türkdilli xalqların ən qədim abidəsi olan “Orxan-Yenisey”də “Tiri” sözünə “Tirik” formasında rast gəldik. Abidədə belə bir cümlə var: “Üçin Külik Tirik benə, yəni “Şöhrəti Diri mənəm”. Belə bir təbii sual ortaya çıxır: “Tirik”-“Diri” sözləri arasında necə əlaqə ola bilər? Əvəlla, “Tirik” sözünün sonunda “k” samitinin düşməsi prosesi türk dillərinin oğuz qrupunda qədim bir əlamətdir. Bu proses Azərbaycan dilində XIII-XIV əsrlərdən etibarən başlanır. Onu qeyd edək ki, bu dövrdə “Tirik” sözü kimi bir sıra sözlərdə “k” samitinin düşməsi hadisəsi müşahidə edilir: ölük-ölü, suçik-suçi, çölq-çöl və s. İkinci bir tərəfdən “Tiri”-“Diri” sözləri arasında t-d səs əvəzlənməsi mövcuddur. Türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi-müqayisəli fonetikası sübut edir ki, bu dillərin, eləcə də qədim Azərbaycan dilinin səs sistemində əvvəlcə kar samitlər formalaşıb, sonra cingiltili: t – kar, d – cingiltilidir. Onu da qeyd edək ki, Cəbrayıl rayonunun cənub-qərb hissəsində yerləşən Diri dağı öz qədim adını – Tirini qoruyub saxlaya bilməmişdir. XVII əsrdə Azərbaycana gəlmiş səyyah və alimlərdən Adam Oleari, Korielus de Bruin öz əsərlərində doğru olaraq “Diri” sözünü “Tiri” şəklində vermişlər. Ehtimal ki, XVII əsrin sonuna kimi Cəbrayıl rayonunun ərazisində yerləşən Diri dağının adı “Tiri” formasında olmuşdur. Cəbrayıl rayonundakı Diri dağının qoynunda Diri kəndi yerləşir. Kəndin xarabalıqları indi də qalmaqdadır. Zəngilan rayonunun Tiri kəndinin əhalisi XVI əsrin 50-ci illərindən sonra Diri kəndini (Cəbrayıl ərazisindəki) tərk etməli olmuşlar. Tərketmənin səbəbi elmi baxımdan məlum olmasa da xalq arasında belə bir rəvayət gəzir ki, guya aşıq şerimizin yaradıcısı, babası, tanrısı hesab etdiyimiz Aşıq Dirili Qurbanini ilan çalandan sonra yerli əhali belə qərara gəlir ki, bu yerlərdə qalmaq olmaz. Dağda zəhərli ilanların çoxluğu nəticəsində əhalinin bir hissəsi Güney Azərbaycana (burada da Tiri kəndi var) üz tutmuş, bir hissəsi isə Zəngilan rayonunun indiki Tiri ərazisində məskunlaşmalı olmuşlar. Yerli əhali “Tiri” toponimini atmamış, əksinə, özləri ilə aparmış, məskən saldıqları əraziyə həmin adı vermişlər. “Diri” sözünün etimologiyası haqqında xalq arasında belə bir yozum da mövcuddur. Guya bir kişi ömrü boyu xəstə imiş. Nə qədər dava-dərman, təbib kişini sağalda bilmir. Kişi ömrünün son anlarını yaşayırmış. Bir gün bir yolçu xəstənin qonağı olur. Onun dərdindən xəbərdar olur. Yolçu xəstəyə həmin dağa –Diriyə getməyi məsləhət görür. Bura gəlirlər. Dağı bir qədər gəzib dolanırlar. Buranın təbiətinin gözəlliyi onları valeh edir. Təbib dağda bitən gül-çiçəkdən dərman hazırlayır. Bir müddətdən sonra xəstə yaxşılaşır və təbibi yanına çağırıb deyir: Mən həmişəlik burada qalacam. Çünki bura ölümcül vəziyyətdə gəlmişdim. Buranın təbiəti mənə şəfa verdi. Ona görə də bu yerlərdə məskən salıram və bu dağa Diri adını verirəm. Bu əfsanə olsa da burada müəyyən mənada, həqiqət də vardır. Çünki dağ deyəndə dədə-babalarımız təbiətcə saf, təmiz, xəstəyə şəfa verən yerləri nəzərdə tutmuşlar. “Tiri”-“Diri” dağının adı da bu yerlərin təbiətinin gözəl və zəngin olması ilə əlaqədardır. Vaxtilə burada hər cür heyvanlar və quşlar yaşayırmış. Gözəl bulaqları, zəngin meşələri varmış. Bura lap qədimdən “Dirilik Yurdu” imiş. Güman etmək olar ki, “Tiri”-“Diri” adı da buradan – bu təbii şəraitin nəticəsində əmələ gəlmişdir (2, 3).
Azərbaycanımızın dilbər guşələrinin araşdırılması daim diqqət mərkəzində olmalıdır. Biz ana vətənimizin tarıxi keçmişini diqqətlə araşdırmalıyıq. Çünki keçmişimizi bilməsək, tariximiz də bizim üçün qaranlıq qalacaq!

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.