AMEA Folklor İnstitutu UNESCO kafedralarının beynəlxalq konfransında təmsil olunub

3-4 noyabr tarixlərində Parisdə UNESCO-nun mənzil qərargahında UNITWIN/UNESCO Kafedraları Proqramının 30-cu ildönümününə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransda AMEA Folklor İnstitutu nəzdində fəaliyyət göstərən "Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO "Aşıq Şəmşir" kafedrası"nı layihə koordinatoru Fazil Qasımov təmsil edib. Yubiley konfransı son 30 ildə Proqram çərçivəsində əldə edilmiş nailiyyətləri qeyd etmək, fənlərarası dialoqu və sektorlararası mobilizasiyasını inkişaf etdirmək məqsədi ilə təşkil olunub. “Ədalətli və dayanıqlı gələcək üçün biliyin transformasiyası” mövzusuna həsr olunmuş iki günlük tədbir elmi, əxlaqi, intellektual və akademik həmrəylik ruhunda keçirilib. Konfransın açılışında UNESCO baş direktoru Odri Azuleyin konfrans iştirakçılarına video-müraciəti yayımlanıb, UNITWIN/UNESCO Kafedraları Proqramının ideya müəllifi, UNESCO-nun keçmiş baş direktoru Federiko Mayor Zaraqoza mühazirə ilə çıxış edib.

1992-ci ildə təsis edilən UNITWIN/UNESCO Kafedraları Proqramı ali təhsil müəssisələri arasında təcrübə mübadiləsini artırmaq və birgə əməkdaşlığı təşviq etmək məqsədilə başladılmışdır. Dünyanın 110 ölkəsindən 850 UNESCO kafedrasının təmsil olunduğu yubiley konfransı UNESCO kafedraları arasında əməkdaşlığı gücləndirmək üçün yeni əlaqələr qurmaq imkanı yaradıb. Tədbirdə iştirak edən ekspertlər, dünyanın çoxsaylı sosial, iqtisadi, siyasi, texnoloji və ekoloji problemlərlə və mədəniyyətlərarası konfliktlərlə üzləşdiyi bir zamanda UNITWIN/UNESCO Kafedraları Proqramına hər zamankından daha çox ehtiyac olduğunu vurğulayıblar. Natiqlər, Proqramın keçmiş nailiyyətlərini qeyd etməklə yanaşı, gələcəyə hesablanmış yanaşmalar ortaya qoyublar və elmin əhatə dairəsinin artmasına töhfə vermək yollarını müzakirə ediblər.
Konfransın sessiyaları UNESCO-nun saytında canlı yayınlanıb.
http://webcast.unesco.org/events/2022-11-UNITWIN/