"Repressiya Ensiklopediyası” adlı kitab nəşr olunub
 Bu günlərdə mərhum professor, filologiya elmləri doktoru, Əməkdar müəllim Cəlal Qasımovun “Repressiya Ensiklopediyası” adlı kitabı işıq üzü görüb. “İMZA” nəşrlər evində çap olunan kitabın redaktoru Mahir Cavadlı, tərtibçiləri isə Sevda Qasımova və Gülnar Osmanovadır. 216 səhifədən ibarət olan bu kitab milli təhlükəsizlik orqanında məsul vəzifələrdə, sonra AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri işləmiş filologiya elmləri doktoru, professor Cəlal Əbil oğlu Qasımovun müxtəlif arxivlərin materialları əsasında hazırladığı “qırmızı terrora” məruz qalmış insanların adlı siyahısından ibarətdir. Bu siyahı repressiya olunmuşların az bir hissəsidir. Ensiklopediyanın nəşrinə ömrün vəfa etmədiyi alim bu çətin işə başlayarkən onun davamlı olacağına çox ümid bəsləyirdi. Bu kitabın nəşri həm cismani yoxluğunda Cəlal Qasımovun ruhuna hörmət, həm də bu ensiklopediyanın kimlər tərəfindənsə tam tərtib edilərək xalqa çatdırılacağına inam hissi oyadır.
Ruhu şad olsun!
|