Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilib
09-12 oktyabr 2022-ci il tarixində, Türkiyənin Ərzincan vilayətində Beynəlxalq Türk Dünyası Simpoziumu keçirildi. Simpozium, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin himayədarlığı ilə təşkil edilmişdi. Simpoziumda əsas məqsəd Türk dünyasının dil, tarix, mədəniyyət, incəsənət, təhsil, enerji, diaspora, ticarət, coğrafiya, sosiologiya, folklor, antropologiya, turizm, beynəlxalq əlaqələr, dövlət idarəçiliyi, hüquq və s. kimi bir çox sahələrində elmi tədqiqatlar üçün ümumi zəmin yaratmaq idi.

Bu nüfuzlu elmi toplantıda Azərbaycanı Milli Məclisin deputatları, akademiklər, elm adamlarından ibarət 35-ə yaxın nümayəndə heyəti təmsil etdi. Türk dövlətlərinin hər birindən çox sayda elm, siyasət və sənət adamının iştirak etdiyi bu tədbirdə dinlənilən məruzələrdə türk tarixi və mədəniyyəti, eləcə də onun keçmişi, bu günü və perspektivləri ilə bağlı dəyərli məlumatlar verildi, fikirlər irəli sürüldü. Simpoziumda AMEA-nın əməkdaşları da yaxından iştirak etdilər. Toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, akademik İsmayıl Hacıyev, akamedik Teymur Kərimli, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Əziz Ələkbərli, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun da məruzələri dinlənildi.

Bu elmi toplantıda Türk Dövlətləri Təşkilatının 2040-cı il vizionu əsas götürülərək, ortaq bir ağıla əsaslanan səmərəli təklif və layihələrin həyata keçirilməsi üzərində iş aparılması planlaşdırıldı. Bu planın həyata keçirilməsi ilə Türk dünyasındakı işgüzar əməkdaşlıq çoxölçülü şəkildə möhkəmlənəcək və dərinləşəcəkdir. Simpoziumdakı məruzələr kitab şəklində nəşr olunacaqdır.

. 
 |