“Oğuznamə araşdırmaları” adlı kitab işıq üzü görüb

AMEA Folklor İnsitutunun “Türk xalqları folkloru” şöbəsinin müdiri, professor Əfzələddin Əsgərin “Oğuznamə araşdırmaları (məqalələr)” adlı yeni kitabı işıq üzü görüb.
Ə. Əsgərin yeni nəşr olunan kitabı Oğuznamə yaradıcılığı ilə bağlıdır.
"Elm və təhsil" nəşriyyatında çapdan çıxan bu kitab 160 səhifədən və 9fəsildən ibarətdir.
Müəllifin yeni nəşr olunan kitabında yer alan məqalələrin əksəriyyəti epik yaradıcılıq tariximizin Oğuznamə adlanan hadisəsinə həsr olunmuşdur. Müxtəlif illərdə yazılan bu məqalələrdə günümüzə gəlib çatmış oğuznamələrin müxtəlif problemlərindən, eləcə də epik yaradıcılıq tariximizin Oğuznamədən sonrakı dövründə ortaya çıxan aşıq yaradıcılığının xüsusiyyətlərindən və yaranış tarixindən bəhs olunur.
Oğuznamə ilə bağlı yeni kitaba salınan iki məqalə müəllifin son illərdə apardığı araşdırmanın məhsuludur. Söhbət “Yeni Oğuznamə əlyazması: “Kitabi-türkmən” və “Bulca xanın mifoloji kimliyi “ adlı məqalələrdən gedir.
Bundan əlavə Aşıq yaradıcılığı ilə bağlı kitaba salınan son iki məqalə Oğuznamə yaradıcılığı ilə birbaşa olmasa da dolayısı ilə bağlıdır. Sözügedən məqalələr epik yaradıcılıq tarixinin Oğuznamədən sonrakı dövrünə həsr olunub.