
Sentyabrın 11-də Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunda Aşıq Qurbaniyə və Aşıq Pəriyə həsr olunmuş tədbir təşkil olunmuşdur. Rayonda yerləşən Diri dağın ətəklərində baş tutan tədbirdə şəhid ailələri, qazilər, Dirili Qurbani məclisinin üzvləri, jurnalistlər iştirak ediblər. Layihənin rəhbəri Arzu Əliyeva və Elçin Mikayıloğlu giriş sözü ilə tədbiri açdıqdan sonra sözü iştirakçılara verib.
Folklor İnstitutunun “Türk xalqlarının folkloru” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar da bu tədbirdə iştirak edib. O, işğaldan azad olunmuş torpaqlarda belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal hesab edərək Diri dağın ətəyində dayanmağın həyəcanından söz açmış, Dirili Qurbaninin və Aşıq Pərinin həyat və yaradıcılığından geniş bəhs etmişdir. Ardınca digər digər iştirakçılar Dirili Qurbaninin və Aşıq Pərinin yaradıcılığından danışmış və hər iki aşığa həsr etdikləri şeirlərini oxumuşlar.
Sonda layihənin rəhbərləri Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin sədri Nəsimi Qarabağlı və Dəyanət Həsənovun adından çıxış edərək tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
