Güneyli tədqiqatçı Folklor İnstitutunda qonaq olub
 02 avqust 2022-ci il tarixində İranın Əraq şəhərindən olan tədqiqatçı Ehsan Qasemxani və tədqiqatçı Mehdi Əli Folklor İnstitutunda qonaq olublar. İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı qonaqları səmimi qarşılayıb və təmsil etdiyi qurumun fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verib. Güneyli tədqiqatçı E.Qasemxani gəlişinin əsas məqsədinin Azərbaycanda Güney Azərbaycan folkloru ilə bağlı görülən işlərlə tanışlıq olduğunu bildirib. İcraçı direktor, dosent Afaq Xürrəmqızı sözügedən məsələ ilə bağlı Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru şöbəsinin fəaliyyət göstərdiyini, bu şöbənin əsas tədqiqat istiqaməti kimi güneydən toplanan folklor örnəklərinin tədqiqi, onların məzmun, tutum və ideya baxımından araşdırılıb sistemləşdirilməsi, Cənubi Azərbaycan folkloru toplularının transliterasiyası, canlı danışıq dilinin, milli koloritin qorunub saxlanılması, nəzəri problemlərinin araşdırılması olduğunu qeyd edib. Fikirlərinə davam edən icraçı direktor A.Xürrəmqızı sözügedən şöbənin 12 cilddən ibarət “Güney Azərbaycan folkloru” kitablarının nəşrini həyata keçirdiyini də vurğulayıb. Söhbət zamanı güneyli tədqiqatçı da dörd cilddən ibarət Əraq folklorunu çap etdirdiyini qeyd edərək, Güney Azərbaycandakı folklorun bugünkü vəziyyətindən bəhs edib. Görüşdə iştirak edən tədqiqatçı Mehdi Əli və İnstitutun Cənubi Azərbaycan folkloru şöbəsinin əməkdaşı Səbuhi Bədəlov da məsələ ilə bağlı fikir mübadiləsi yürüdüblər. Sonda qonaqlara Folklor İnstitutunun bu istiqamətdəki nəşrləri və disklər hədiyyə edilib, xatirə şəkilləri çəkilib.
|