Qazaxıstanlı araşdırmaçılar Folklor İnstitutunda qonaq olublar
13 iyul 2022-ci il tarixində Qazaxıstan Respublikası Təhsil və Elm nazirliyinin Elm komitəsinin M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları P.Auesbayeva və Q.İlyasova AMEA Folklor İnstitutunda qonaq olublar. İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı qonaqları səmimi qarşılayıb və İnstitutun fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verib. Qonaqlar təmsil etdikləri qurumun “XX əsrin əvvəllərinə qədər rus şərqşünas –türkoloqlarının toplamalarında qazax folkloru və ədəbiyyat” adlı elmi-tədqiqat layihəsi çərçivəsində toplama materialları hazırlamağı nəzərdə tutduğunu bildiriblər. Bu səbəbdən də onlar gəlişlərinin əsas məqsədinin inqilabaqədərki dövrdə işıq üzü görmüş çoxsaylı nəşrlərdə araşdırmaçı-türkoloq və şərqşünaslar, eləcə də qazax və digər türk xalqlarının mədəni əlaqələri ilə bağlı material toplamaq olduğunu bildiriblər. Onlar Folklor İnstitutunun arxivində saxlanılan tarixi sənədlərin bu gün həm elmlə məşğul olanlar, həm də sadə oxucular üçün böyük maraq kəsb etdiyini qeyd edərək, layihənin mövzusu ilə bağlı lazımi materalların üzünün çıxarılmasına icazə verilməsini xahiş ediblər. Folklor İnstitutunun icraçı direktoru, dosent Afaq Xürrəmqızı sözügedən məsələ ilə bağlı lazımi dəstəyin göstəriləcəyini bildirib. Görüşdə iştirak edən İnstitutun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy da qonaqlara layihə ilə bağlı bəzi məsləhət və tövsiyələrini verib.
Daha sonra görüş Mifologiya şöbəsində davam edib.

|