Əməkdaşımız Uluslararası Ədəbiyyat, Kültür və Dil Simpoziumunda çıxış edib
Mayın 26-28-də Türkiyənin Van şəhərində Uluslararası Ədəbiyyat, Kültür ve Dil Simpoziumu (Van Yüzüncü Yıl Üniversitesi İngiliz Dili ve Edebiyatı Bölümü-Yabancı Diller Yüksekokulu - (Van Yüzüncü il Universitesi 40-cı quruluş ili münasibətlə) keçirilib. Simpoziumda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu onlayn formatda “AZERBAYCAN NEVRUZU MİLLİ DEĞERLERİN YAŞADICISI GİBİ” (“Azərbaycan Novruzu ulusal dəyərlərin yaşadıcısı kimi”) adlı məruzə ilə çıxış edib. Vurğulanıb ki, Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır. Azərbaycan Novruzunun bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə gərəyi olmayıb. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb. Azərbaycan Novruzu xalqın bütün gözəl duyğularını, düşüncəsini, ümidini, yaşamağa, yaratmağa olan inadını, başlıcası, inamını özündə yetkin şəkildə birləşdirir. Habelə məruzədə Azərbaycan Novruzunun ulusal dəyərlərlə bağlılığı əsaslandırılıb, bayramın tarixən dövlətçiliyin əsaslarının möhkəmləndirilməsindəki rolu ifadə edilib.

|