"Qorqud" folklor ansamblı Şuşada keçirilən V Beynəlxalq Xarıbülbül festivalında iştirak edib

Bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V Beynəlxalq Xarıbülbül festivalı keçirilib. Festivala Azərbaycanın müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən folklor ansamblları qatılıb. Festivalın üçüncü – sonuncu günündə AMEA Folklor İnstitutunun "Qorqud" ansamblı da kompozisiya ilə iştirak edib.
Ansamblın bədii rəhbəri, Respublikanın Əməkdar artisti, muğam ifaçısı, xanəndə Nuriyyə Hüseynova milli vətənpərvərlik ruhunda yazılmış, doğma Azərbaycanımızı, Vətənimizin dilbər guşəsi olan Qarabağımızı tərənnüm edən “Bura Vətəndir!” adlı musiqili kompozisiyanı təqdim edib. Qeyd edək ki, mahnının sözləri Dilsuz Mustafayevə, musiqisi isə Cavanşir Quliyevə aiddir. Kompozisiyanın tərkibində sözləri Nüsrət Kəsəmənliyə aid "Azərbaycan" şeirini isə ansamblın qiraətçisi, aktrisa Həlimət Sultan səsləndirib.

V Beynəlxalq Xarıbülbül festivalında "Qorqud" ansamblının çıxışı böyük coşqu ilə qarşılanıb. Festivalda iştirak edən peşəkar musiqiçilər və sənət adamları, eləcə də çox sayda ziyalılar ansablın təqdim etdiyi kompozisiyanı yüksək qiymətləndiriblər. Ansamblın üzvləri səfərdən xoş təəssüratlarla qayıdıblar.
Qeyd edək ki, festival çərçivəsində milli rəqslər, eləcə də muğam sənəti təqdim olunub. Azərbaycan xanəndələrinin vaxtilə Şuşada lentə aldıqları ifalarından ibarət videoçarxlar nümayiş etdirilib.
 |