Elçin Qaliboğlu İctimai TV-nin "Diqqət mərkəzi" verilişinin qonağı olub

15 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu İctimai TV-nin "Diqqət mərkəzi" verilişinin canlı yayımında qonaq olub. Əməkdaşımız veriliş zamanı bildirib ki, Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu qoruyub saxlayıb. Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir.
|