Elçin Qaliboğlu İctimai TV-nin "MAG" verilişinin qonağı olub

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, fil.ü.f.d Elçin Qaliboğlu İctimai TV-nin "MAG" verilişinin qonağı olub. Verilişdə bildirilib ki, minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb. Novruz bayramını milli ənənənin simvolu sayan E.Qaliboğlu bildirib ki, ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənzərsiz cəhətlərini aşkara çıxarır, təsdiq edir. Xalqın bayram yaradıcılığı minillərdən bəri davam edən ulusallığı nəinki təsdiq etməlidir, habelə bundan sonrakı üfüqlər üçün də ciddi zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim üçün belə bir yaradıcılıq imkanı verir.

Yetkin, bənzərsiz mətbəx mədəniyyətini yaşadan Novruz bayramı bütün çağlarda xalqımızın özünəməxsusluğunu ifadə edib. Bu gözəl ənənənin yaşarı olması isə xalq olaraq əbədi təsdiqimizdir.
Habelə verilişdə bayramın milli dəyərlərimizin ifadəçisi olduğu vurğulanıb: Novruz bayramı milli ruhumuzu təsdiq etdiyi dərəcədə bəşəriliyimizi də təsdiq edir, ona görə bizə belə doğmadır. Milli dəyər həmişə çağdaşdır. Azərbaycanın bağrından qopan dəyərləri buna gözəl misaldır və bəşərə örnəkdir. Novruz bayramı bu dəyərlərin bənzərsiz birləşdiricisi və ifadəçisidir. |