“Qorqud” folklor ansamblı Vətən müharibəsi qaziləri üçün konsert verib
04 mart 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təqdimatında “Novruz gəlir, yaz gəlir” adlı konsert proqramı baş tutub. Vətən müharibəsi qaziləri üçün təşkil olunmuş konsertdə öncə AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, ən böyük məna kəsb edən bayramlarımızdan biri də 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bayramıdır. Bu bayram bizim 30 illik sıxıntımızın, ümidsizliyimizin, çarəsizliyimizin nöqtəsini qoyan bir bayramdır. Zəfər bayramı həm də ona görə əzizdir ki, Ali Baş Komandanın rəhbərliyi və burada iştirak edən igid oğlanların rəşadəti sayəsində bizə təkcə otuz illik işğalda olan torpaqlarımızı deyil, həm də öz ləyaqətimizi, mənliyimizi qaytarıb. Biz indi uca səslə belə kürsülərdən qalib xalqın övladları kimi danışırıq. Buna görə qürurumuzu bizə qaytaran bu igid oğlanlara dönə-dönə minnətdarıq. Akademik fikirlərinə davam edərək qeyd edib ki, mədəniyyət bizi özümüzə və dünyaya tanıdan ən mühüm vasitələrdən biridir. Mədəniyyət bizim könlümüzün, ruhumuzun bir ahəngi, rübabıdır. M.Kazımoğlu-İmanov çıxışının sonunda rəhbərlik etdiyi Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təkcə peşəkar sənət nümayiş etdirmədiyini, eləcə də məqsədyönlü, milli ruhlu proqramlarla vaxtaşırı çıxış etdiyini xatırladaraq, bu konsertin də milli-mənəvi dəyərlərin ən fəxarətli daşıyıcıları olan qazilərimiz üçün təşkil olunduğunu diqqətə çatdırıb.

Akademikin çıxışından sonra “Qorqud” folklor ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri, Respublikanın Əməkdar artisti, muğam ifaçısı Nuriyyə Hüseynovanın, Aşıq Solmaz Kosayevanın, solistlər Aşur Adıgözəlov, Ülviyyə Sədaqət, Həlimət Sultan və Çilənay Hüseynovanın bir-birindən maraqlı vətənpərvərlik mövzulu mahnıları könülləri oxşayıb.
Konsert proqramının sonunda ansamblın üzvləri qazilərlə xatirə şəkilləri çəkdiriblər. Konsertdə II Qarabağ savaşının iştirakçısı olan 50-ə yaxın qazi iştirak edib.

