Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib
04 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran ilk məsələ ─ İnstitutun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Sənubər Kərimovanın 85 illik yubileyi ilə bağlı İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edib. Sənubər Kərimovanın həyatı, ictimai və elmi fəaliyyəti haqqında məlumat verən akademik bildirib ki, yubiliyar çox maraqlı və şərəfli bir həyat yolu keçib, ona həvalə edilən bütün sahələrdə vicdan və layəqətlə çalışıb, el-oba arasında böyük hörmət və izzət qazanıb.

Sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy yubiliyarı təbrik edərək bildirib ki, Sənubər Kərimovanın şəxsiyyəti səciyyələndirilsə, onun epoxal şəxsiyyət olduğu aydın görünər. Bu gün Sənubər Kərimovanın şəxsiyyətində bizi təəccübləndirən, böyüklüyü qarşısında heyrətə gətirən amillər, əslində azərbaycanlılığın milli-mənəvi keyfiyyətləridir. O, azərbaycanlı keyfiyyətlərini sözün həqiqi mənasında qoruyub saxlayır.
Təbrik çıxışlarından sonra söz alan Sənubər Kərimova 85 illik ömrü çərçivəsində gördüyü işlərə qısa nəzər salıb. O, illər uzunu çiyin-çiyinə çalışdığı kollektivin bütün əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Gündəlikdəki növbəti məsələ AMEA Folklor İnstitutu Elmi Şurasının yeni tərkibinin təsdiq edilməsi olub. Bu barədə İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov məlumat verib. O, İnstitutun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Fidan Qasımova, Təhsil şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ləman Süleymanova və Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilmiş sədri, fil.ü.f.d. Xanım Mirzəyevanın Elmi Şuranın üzlüyünə salınmasını təklif edib. Şura üzvləri qərarı yekdilliklə qəbul ediblər.

Sonra gündəlikdəki növbəti məsələ - AMEA Folklor İnstitutunun elmi işçilərinin attestasiyasının nəticələri barədə Attestasiya Komissiyasının sədri, fil.e.d., prof. Seyfəddin Rzasoyun hesabatı dinlənilib. Sözügedən məsələ ilə bağlı bildirilib ki, ümümilikdə attestasiyanın nəticələrini qənaətbəxş hesab etmək olar. Nəticələri zəif olan bir neçə nəfərə fərdi plan işlərinin və məqalələrin yetərincə olmaması üçün xəbərdarlıq edilib.
Sonda cari məsələlər müzakirə edilib.

|