Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
17.11.2021

“Valeh Hacılar-70” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

16 noyabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda “Valeh Hacılar-70” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Zoom platforması üzərindən onlayn formatda keçirilən konfransı institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O, konfransın əsas məqsədinin tanınmış elm adamı, pedaqoq, tərcüməçi və şair Valeh Hacıları xatırlatmaq, yada salmaq və anadan olmasının 70 illiyini qeyd etmək, onun işığında bir sıra mətləblərə toxunmaq olduğunu bildirib. Akademik çıxışı zamanı Borçalıda doğulub boya-başa çatan ziyalının Azərbaycan türklüyünün mənəvi varlığı yolunda gördüyü işlərə nəzər salıb, Valeh Hacıların canlı söyləyicilərdən topladığı və ya arxivlərdən əldə etdiyi materiallar əsasında yalnız Azərbaycan folklorunun, Azərbaycan xalq mədəniyyətinin ayrı-ayrı örnəklərinin üzə çıxarmadığını, eyni zamanda çox əhəmiyyətli tarixi faktları, məlumatları ortaya qoyduğunu bildirib. M.Kazımoğlu-İmanov onun Borçalıda qaçaq hərəkatının əsas xəttlərini ortaya çıxaran nadir ziyalılarımızdan biri olduğunu xüsusi vurğulayıb. Alimin Borçalıda milli varlığımızın tanıtımı yollarından biri kimi ayrıca qurum yaratdığını vurğulayan akademik, onun Gürcüstan coğrafiyasında Azərbaycan-türk mədəniyyətinin qonşu xalqlara – gürcülərə, aysorlara, yunanlara göstərdiyi təsirin bütün konturlarını cızdığını, bu xidmətin məhz onun adı ilə bağlı olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Sonra söz Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevə verilib. Səfir öncə elmi toplantının təşkili üçün AMEA Folklor İnstitutuna və onun rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, V.Hacıların önəmli hadisələrlə zəngin həyat yolunun və tariximizin çətin dövrlərinə təsadüf edən yorulmaz elmi fəaliyyətinin dərk edilməsinin müasir tədqiqatçılar üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. Səfir tarixi Borçalı mahalının Darvaz kəndində dünyaya göz açan, bütün ömrü boyu doğma yurd sevgisi ilə yaşayan və vəsiyyəti əsasında həmin kənddə torpağa tapşırılan Valeh Hacıları səciyyələndirməyə iki kəlmənin - vətənpərvər və alim ifadələrinin kifayət etdiyini qeyd edib. Məruzəçi sovet ideologiyasının hakim olduğu dövrdə də alimin Gürcüstanda Azərbaycan sosial-mədəni varlığının araşdırılmasına və Gürcüstanda milli təfəkkürümüzün qorunub saxlanılmasına və inkişafına böyük töhfələr verdiyinə diqqətə çatdırıb. O, V.Hacıların uzun illər Tbilisi Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etməsini və Gürcüstan üçün pedaqoji kadrlar yetişdirməsini xatırladaraq bildirib ki, təkcə bu amil onun adının Borçalı salnaməsində qalacağını təmin edərdi. Səfir F.Quliyev çıxışının sonunda V.Hacıların xatirəsinin bir görkəmli alim və ictimai xadim kimi Gürcüstan dövləti və ziyalıları tərəfindən əziz tutulduğunu diqqətə çatdırıb, Azərbaycan-Gürcüstan elmi və mədəni əlaqələrinin inkişafına xidmət edən bu konfransın iştirakçılarına uöurlar arzulayıb.
Konfransda çıxış edən Bursa Uludağ Universitetinin professoru, Uluslararası Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin başqanı Cengiz Alyılmaz isə Valeh Hacılar ilə tanışlığının gənclik illərinə təsadüf etdiyini bildirib və alimlə bağlı maraqlı xatirələrdən danışıb. O, V.Hacıların gördüyü işləri bir institutun gördüyü işlərə bərabər hesab edərək, onun Gürcüstanda hər zaman türklüyün səsi olduğunu xatırladıb. Professor Gürcüstanda qarapapaq, tərəkəmə kimi tanınan Gürcüstan azərbaycanlılarının səsini dünyaya çatdırmaq məqsədilə alimin gördüyü işlərə də nəzər salıb. Cengiz Alyılmaz çıxışının sonunda rəhbərlik etdiyi vəqfin gördüyü işlərə də toxunub və V.Hacıların ömür yolu ilə bağlı hazırladıqları slaydı nümayiş etdirib.
Azərbaycan Universitetinin professoru Asif Hacılı da çıxışı zamanı alimlə bağlı xoş təəssüratlarını konfrans iştirakçıları ilə bölüşüb. Valeh Hacıların unikal bir şəxsiyyət olduğunu vurğulayan alim onun bütün ömrünü Borçalıya həsr etdiyini, bu qədim yurdu həm öyrəndiyini, həm də öyrətdiyini, bir sözlə, milli amala xidmət etdiyini qeyd edib. Məruzəçi onun gürcü, rus və abxaz dillərindən tərcüməçilik fəaliyyəti ilə yanaşı, gürcü aşıq və şairlərinin türk dilində yazdığı mətnləri gürcü dilinə çevirdiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb. Prof. A.Hacılı çıxışının sonunda Valeh Hacıların əsl ziyalı, alim və vətəndaş mövqeyində olan bir şəxsiyyət olduğunu vurğulayıb.


Ərdahan Universitetinin professoru Şurəddin Məmmədli çıxışı zamanı V.Hacılarla 27 illik dostluq münasibətlərindən bəhs edərək, alimlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Valeh Hacıların ilk şeirlərinin oxucusu və dinləyicisi olan prof. Ş.Məmmədli öz yaradıcılığını da ilk olaraq onunla paylaşdığını qeyd edib. O, Valeh Hacıları Borçalının söz, zəka öndəri anlandırıb. Alim çıxışının sonunda onu həm müəllimi, həm məsləkdaşı, həm də dostu olaraq hər zaman sayğı ilə yad edəcəyini sözlərinə əlavə edib.
Ərdahan Universitetinin dosenti Gülnarə Qoca-Məmmədli də alimlə bir kafedrada çalışdığı illərdən bəhs edib, onunla bağlı xoş təəssüratlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlu da söz alıb. O, V.Hacıların yaradıcılığının çoxşaxəli olduğunu qeyd edərək, ilk növbədə, alimin pedaqoji fəaliyyətinə, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetində çalışdığı illərə diqqət çəkib. Alim uzun illər bu universitetdə çalışan V.Hacıların əvəzedilməz xidmətlərindən bəhs edib. Professor M.Kamaloğlu çıxışı zamanı Gürcüstan tarixində ilk dəfə olaraq 2012-ci ildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Gürcüstan əsilli bir azəbaycanlıya - Valeh Hacılara həsr olunmuş böyük bir konfransın keçirildiyini və bu tədbirə dünyanın 10-dan çox ölkəsindən tanınmış elm adamlarının qatıldığını böyük qürurverici hadisə kimi qiymətləndirib. Alim daha sonra onun folklorla bağlı araşdırmalarına, eləcə də Xasta Hasan, Dədə Əmrah, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Məhəbbət Sadaxlı, Aşıq Aslan Kosalı və s. aşıqlarla bağlı gördüyü işlərə nəzər salıb. Prof.M.Kamaloğlu V.Hacıların şeir yaradıcılığına da toxunaraq bildirib ki, onun yazmış olduğu uşaq şeirləri Gürcüstanda nəşr olunan orta məktəb dərsliklərinə salınıb. Alim sonda V.Hacılar kimi şəxsiyyətin adının doğma torpağı olan Gürcüstanda əbədiləşdirilməsi məsələsinin qaldırılacağını da bildirib.


Sivas Cümhuriyyət Universitetinin professoru Doğan Kaya isə çıxış edərək V.Hacıların türk dünyası üçün gördüyü işlərin əhəmiyyətindən bəhs edib.
Bursa Uludağ Universitetinin professoru, Valeh Hacılar yaradıcılığının tədqiqatçısı Semra Alyılmaz da məruzə zamanı alimi ötən əsrin 90-cı illərindən tanıdığını vurğulayaraq, onun Gürcüstandakı bütün türklərin hər bir sahədə təmsilçisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
AMEA Folklor İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri Əli Şamil də söz alaraq alimlə tanışlığının axısqalı Xasta Hasanla başladığını, vaxtilə ədəbi oğru kimi tanıdılan bu şəxsə obyektiv qiymətin ilk dəfə məhz Valeh Hacılar tərəfindən verildiyini qeyd edib. Alim çıxışının sonunda Valeh Hacıların əzilənlərin, sıxışdırılan və təqiblərə məruz qalanların haqqını hər zaman müdafiə etdiyini vurğulayıb.
Konfransın sonunda tanınmış alim Valeh Hacıların yadigarı, Xarici İşlər Nazirliyinin Şərqi Avropa şöbəsinin müdiri, tarix elmləri doktoru Fəxri Valehoğlu çıxış edərək konfransın təşkili və atası barədə söylənən xoş sözlərə görə AMEA Folklor İnstitutu başda olmaqla bütün görüş iştirakçılarına dərin təşəkkürünü bildirib. Alimin Vətənə, yurda, millətə, türkçülüyə bağlı olduğunu bir daha xatırladan F.Valehoğlu onun dost, qardaş xalqlarla da ünsiyyət qura bilməsindən, onların folkloruna dərindən bələdliyindən və bu baxımdan gürcü elmi-ədəbi mühitində qəbul olunduğundan geniş bəhs edib. O, ucqar bir dağ kəndində böyüyüb boya-başa çatan, qısa ömrü çərçivəsində xalq, millət üçün böyük işlər ortaya qoyan, zəngin elmi fəaliyyəti olan istedadlı alimin yaradıcılığına hərtərəfli nəzər yetirdikləri və dəyərləndirdikləri üçün məruzəçilərə bir daha minnətdarlığını ifadə edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.