Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
02.11.2021

Repressiyaşünaslığın sonuncu mogikanı

(Cəlal Qasımov)
(1959-2021)

Gözlənilməz acı və ağır xəbərləri ilə yadda qalan 2021-ci ilin oktyabr ayının sonuncu günü eşitdiyim daha bir acı xəbər məni möhkəm sarsıtdı: “Cəlal Qasımov vəfat etdi.” Bu məlumatı mənə xəbər verən şəxs bunu da əlavə etdi ki, “Cəlal müəllimin dəfn mərasimi Buzovna qəbiristanlığında olacaq.” Nə qədər kədərləndiyimi və üzüldüyümü yazmağa çətinlik çəkirəm. Kədər və üzüntümün belə çoxluğunun bir səbəbi də bu idi ki, bu xəbər mənə Azərbaycan-dan xeyli uzaqlarda-Türkiyə Respublikasının Burdur şəhərində çatmışdı. Mən bu şəhərdə böyük Türk şairi Mehmet Akif Ərsoya həsr olunmuş Beynəlxalq Simpoz-yumda iştirak edirdim. Oradan qayıtmağıma isə hələ iki gün vardı. Deməli, ən əziz və dəyərli dostlarımdan birinin dəfnində iştirak edə bilməyəcəkdim... Nə qədər arzuolunmaz bir vəziyyət idi... Belə bir çətin durumla üzləşəcəyimi isə heç vaxt ağlıma belə gətirməzdim...

Filologiya elmləri doktoru, professor Cəlal Qasımovu ötən əsrin 90-cı illərindən- Gəncədə repressiya qurbanlarına həsr edilən zona müşavirəsindəki məzmunlu çıxışından tanıyırdım. Sonralar tale elə gətirdi ki, bu tanışlıq əsl dostluğa çevrildi və mən doktorluq dissertasiyası mövzusu götürəndə o mənim elmi məslətətçim oldu... Bu zamandan etibarən Cəlal müəllimi daha yaxından tanıdım və onun nə qədər gözəl xasiyyətə malik bir insan, eyni zamanda necə böyük və dəyərli bir alim olduğunun şahidi oldum...

Cəlal Əbil oğlu Qasımov 1959-cu ildə Naxçıvan MR-nın Şərur rayonunun Püsyan kəndində anadan olmuş, 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitu-tunun tarix-filologiya fakültəsini bitirmişdir. 1984-1991-ci illərdə Sabirabad rayonunda Azərbaycan dil-ədəbiyyat müəllimi işləmişdir. 1991-1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1993-cü ildən etibarən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalış-mışdır. Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi olmuş və polkovnik rütbəsini daşımışdır.

1993-cü ildə tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiy-yatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi. O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi.

C.Qasımov Azərbaycan elminə "Abdulla Sur və əsərləri" (1997), "Əsrin qiyamət çağı" (1997), "Yaddaşın repressiyası" (1997), "Bitməmiş istintaq" (1997), "Respressiyadan deportasiyaya doğru" (1998), "Yaddaşın bərpası" (1999), "Məhbus tərcümeyi-halı" (2003), "MTN: tarixi-hüquqi mənbələr" (2005), "Cavidi məhbəsə aparan yol" (2007), "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" (2008, dərslik), "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" (2009, rus, ingilis, Azərbaycan dillərində), "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011), "Ədəbi məhkəmələr" (2012), "Bolşevik qurşunun qurbanları" (2015), "Azərbaycan folklorşünasları (1920-1950)" (2015), "Milli təhlükəsizliyin əsasları" (2015), "Vəli Xuluflu" (2016), "Cumhuriyyətin təhlükəsizlik orqanları" (2018), “Siyasi repressiya həyatda və ədəbiyyatda” (2020) kimi qiymətli əsərlər bəxş etmişdir.

Professor Cəlal Qasımov Azərbaycan filoloji elm tarixində xüsusi üslubu, özünəməxsus dəst-xətti ilə tanınan, məşğul olduğu sahəni- repressiyaşünaslığı professional səviyyədə və dərindən bilən dəyərli elm xadimlərimizdən biri olmuşdur. Cəlal Qasımovun yazdığı bütün yazılarında istisnasız olaraq insanşünaslıq, qədirşünaslıq və hökmən repressiyaşünaslıq məsələləri öz əksini tapırdı. C.Qasımovun ədəbiyyat tariximizin az öyrənilmiş sahələrinə, xüsusən repressiyaşünaslığa marağı hər zaman davamlı səciyyə daşımışdır. O, repressiyaşünaslığın aktual olan bütün sahələri barədə vaxtında orijinal fikirlər, mülahizələr söyləmək xüsusiyyəti ilə də həmişə diqqət mərkəzində olmağı bacarmışdır. Cəlal Qasımov müxtəlif arxivlərdə tədqiq edib araşdırdığı arxiv sənədləri, mənbələr Azərbaycan elmi üçün gizli qalan həqiqətlərin üzə çıxarılmasında çox böyük rol oynamışdır. Əminliklə deyə bilərik ki, o, Azərbaycan repressiyaşünaslığının sonuncu və ən nəhəng mogikanı idi...

C.Qasımov, əsasən, repressiya problemlərinə həsr olunmuş qiymətli tədqiqatları, eləcə də Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı məsələləri haqqında yazdığı dəyərli əsərləri ilə ədəbi ictimaiyyət arasında tanınırdı. Cəlal Qasımovun əksər qiymətli monoqrafiyaları bilavasitə repressiyaşünaslıq məsələlərinə həsr edilən dəyərli tədqiqatlar olmuşdur. C.Qasımov bu monoqrafiyalarında XX əsrin 20-50-ci illərində bolşevik rejiminin Azərbaycanda törətdiyi qanlı repressiyalarının mənzərəsini təsvir etmiş, o dövrün repressiya qurbanları olan Firidunbəy Köçərli, Hüseyn Cavid, Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Əmin Abid, Bəhlul Bəhcət kimi onlarla görkəmli sənətkarların faciəli həyatını təsvir etməklə yanaşı, onların ədəbi-nəzəri görüşlərini də hərtərəfli şəkildə təhlil etmişdir. C.Qasımov vurğulayırdı ki, “Azərbaycan ziyalıları - Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əmin Abid, Əlabbas Müznib, Salman Mümtaz, Əli Nazim, Ömər Faiq Nemanzadə, Tağı Şahbazi, Əli Nəzmi, Mustafa Quliyev, Bəkir Çobarızadə, Seyfulla Şamilov, Yusif Vəzir Çəmənzəminli, Ruhulla Axundov, Hacı Kərim Sanılı, Əli Razi Şamçızadə, Seyid Hüseyn, Ümmügülsüm Sadıqzadə, Hənəfi Zeynallı, Vəli Xuluflu, Atababa Musaxanlı, Qantemir, İsmayıl Katib, İdris Axundzadə, mühacirətdə olanlardan Məmmədəmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Almas İldırım, Əbdülvahab Yurdsevər, Nağı bəy Şeyxzamanlı, Əhməd Cəfəroğlu, Şəfıbəy Rüstəmbəyov, Ceyhunbəy Hacıbəyli və yüzlərlə başqaları doğurdanını «Vətən xaini», «xalq düşməni» olmuşlar? Bu sahə ilə az çox məşğul olan bir tədqiqatçı kinıi qəti və birmənalı şəkildə bildirirəm ki, adlarını sadaladığım və ya sadalamadığım repressiya qurbanlarının heç biri Azərbaycan xalqının düşməni olmamışdır. Onların içərisində antisovet, antiSSRİ təbliğatı aparanlar olsa da antiAzərbaycan təbliğatı aparan olmamışdır.” C.Qasımovun təbirincə, bu insanların ən böyük “günah”ı Vətəni ürəkdən sevmələri olmuşdur.

Cəlal Qasımov repressiyaya həsr olunmuş hər kitabında, eləcə də bu mövzuda yazdığı digər məqalələrində repressiya, onun əsas mahiyyəti və repressiya qurbanları haqqında ədəbi ictimaiyyətə ilk dəfə olaraq çox ilkinc məlumatlar verirdi. Bu məlumatlar o vaxta qədər geniş oxucu kütləsinə məlum olmayan qiymətli və əvəzsiz bilgilər olurdu. Bunları oxuyandan sonra müəllifin bundan daha artığını yazmasını düşünmək belə sanki mümkünsüz görünürdü.

Ancaq C.Qasımovin hər yeni kitabını oxuyanda yanıldığını hiss edirdin. Əminliklə qənaətə gəlirdin ki, nə qədər ki, Cəlal müəllim həyatda var, deməli, ömür yolları çox əzablı və keşməkeşli olan, faciəli talelər yaşayan repressiya qurbanları haqqında hələ yazılası çox fikirlər, ədəbi ictimaiyyətə və oxuculara çatdırılası nə qədər yeni faktlar, nə qədər qiymətli materiallar var...

C. Qasımovun repressiya məsələlərinə həsr olunmuş belə qiymətli kitablarından biri də “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” kitabıdır. Kitab filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoyun yazdığı “Milli yaddaşın bifurkasiyası: şəhidlər və şahidlər” adlı ön sözdən, “Ortaq türk-islam mədəniyyəti” və “Milli-mənəvi dəyərlərin daşıyıcılarının repressiyası” sərlövhəli iki fəsildən ibarətdir. Cəlal Qasımov 300-ə yaxın müxtəlif kitabdan, 1924-2010-cu illərin qəzet və jurnallarından, eləcə də çoxsaylı arxiv materiallarından istifadə edərək elmi dəyəri çox böyük olan bir əsər ortaya qoya bilmişdir. 600 səhifəlik bu möhtəşəm kitab Azərbaycan folklorşünaslığının repressiya qurbanlarına və sovet totalitarizminin törətdiyi acı faciələrə, eləcə də Sovet totalitarizminin iç üzünün real şəkildə göstərilməsinə həsr olunmuşdur. Sovet totalitarizminin törətdiyi 1937-1938-ci illər repressiyaları da Azərbaycan xalqının gen yaddaşında qanla yazılmış müdhiş hadisələrdəndir.

Sovet totalitarizmi Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salmağa, bununla da əhalinin müxtəlif təbəqələrini üz-üzə qoymağa, xalqın düşünən beyinlərini aradan götürməyə, bununla da xalqın milli-mənəvi dəyərlərinə ağır zərbə endirməklə onu daim əsarət altında saxlamağa çalışırdı. Bütün bunlar Cəlal Qasımovun “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” kitabının əsas qayəsini, başlıca ideya istiqamətini təşkil edir. Müəllifin milli-mənəvi dəyərlərin və onlarin daşıyıcıları olan ziyalıların repressiyalarına həsr olunmuş bu kitabının əsas obrazları folklor və folklorçulardır. C. Qasımovun bu əsəri orada tədqiq olunan dövrün – repressiya dövrünün bütün reallıqlarını tam əks etdirir. Cəlal Qasımov bu monoqrafiyasında sovet totalitarizmi dövründə milli-mənəvi dəyərlərimizin repressiyasını və onun səbəblərini ortaya çıxarmışdır.

Müəllif qeyd edir ki, XX əsrin 20-50-ci illərində Azərbaycan xalqı üzərində bir növ məqsədli şəkildə eksperiment aparılmışdır: ”İmperiya yaxşı dərk edirdi ki, mənəvi dirilik sakitliyi sevmir, o, kükrəməyi, püskürməyi, ayıq və oyaq qalmağı sevir. Sabitlik yaratmaq üçün diriliyi –müstəqil düşünməyi, milli əxlaqı məhv etmək lazım idi.” Beləliklə, Cəlal Qasımovun gəldiyi qənaətə görə bolşeviklərin Azərbaycan xalqı üzərində apardıqları eksperimentlərin əsas hədəfi onu bir xalq, dövlət, ümumiyyətlə, etnos kimi yaşadan, mövcudluğunu şərtləndirən etnik-milli mexanizmlərdən məhrum etmək lazım idi. Bolşeviklərin apardıqları bu siyasət isə aydın, düşünülmüş bir sistemə əsaslanırdı.

Cəlal Qasımov “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” kitabında 1920-1950-ci illərdə baş verən hadisələrə bu günün prizmasından obyektiv şəkildə baxa bilmiş və nəticədə təsirli səhnələrlə, yaddaqalan təhlil və qiymətli elmi nəticələrlə, dəqiq ümumiləşdirmələrlə zəngin olan dəyərli bir əsər ortaya qoya bilmişdir.

Repressiyaşünas alim Cəlal Qasımovun repressiya mövzulu sonuncu kitabı “Xalid Səid Xocayev” monoqrafiyası olmuşdur. Məlumdur ki, xalqının, millətinin, millət övladlarının dərd yükünü çiyinlərinə götürən, onun dərd-sərini öz daxilində əzab çəkə-çəkə gəzdirən insanlar çox həssas, incəqəlbli və ən əsas da millətini, xalqını özləri qədər sevən insanlar olurlar. Onlar millətin, xalqın milli varlığına, onun mentalitetinə, milli-mənəvi dəyərlərinə toxunan ən incə mətləbləri belə başqalarından daha tez anlayır, vaxtında bunun qarşısını almağa çalışırlar. Lakin bəzən onlar nə qədər çalısasalar da, buna nail ola bilmir, bəzənsə əksinə, kəsərli sözləri, dəyərli məqalə, monoqrafiya və kitabları ilə çoxlarının arzuladığı, lakin edə bilmədiklərini həyata keçirə bilirlər. Bununla da onlar, xalqının, millətinin dərdinə şərik çıxır, onun həllinə çalışıblar. Nəyi haraya qədər, hansı mərhələyə, hansı səddə qədər etdiklərinin fərqinə varmaq istəyiblər... Bəlkə onların etdikləti yetərli deyil?... Bəlkə bundan da artığını etmək mümkündür?.. Bəlkə elə bundan çoxunu etmək heç mümkün də deyilmiş?... Bəlkə... Bəlkə... Əslinə baxanda, çağdaş dünyamızda belə düşünən və əməlləri ilə bunu həyata keçirən adamların sayı çox deyil. Bir də ki, belə insanların çəkdikləri dərd fərdi, lokal dərd yox, qlobal, ümumbəşəri dərdir axı!.. Dərd də ki, elə dərddir, rəngi qan rəngində olan dərd... Nə fərqi var ki, dərdi, kədəri zalım, qəqqar, iblisəbənzər insanlar yaradıb, ya da faciələr, fəlakətlər, qara günlər, amansız və vaxtsız ölümlər, ya da başqa-başqa səbəblər yaradıb... Ancaq hansı tərəfdən baxırıqsa, baxaq, nəticə birdir: bu dərdi çəkənlərin qəlbləri para-para olub, ürəkləri oyulub, fikirləri, düşüncələri pərən-pərən düşüb, olmazın mənəvi dərdlərini və əzablarını çəkiblər. Amma onlar sonda özlərini ələ ala bilib, öz üzərlərinə düşən həyat missiyalarını davam etdiriblər.

Professor Cəlal Qasımov da zaman-zaman xalqının, millətinin, qan rəngli dərdlərindən daim kədərlənib, duyğulanıb və nəticədə qələmə sarılıb. Ona görə də C.Qasımov bu dərdləri, ağrıları araşdırıb tədqiq etməklə, sanki bir növ yüngülləşməyə, mənən sakitləşməyə çalışıb. O, üstündən neçə illər ötsə də, udulması mümkün olmayan 1920-1950-ci illər Sovet repressiyası illərində on minlərlə repressiya qurbanlarının-Azərbaycan türklərinin faciəli, ürəklərə dağ çəkən faciəli həyatı barədə onlarla kitab yazıb. Azərbaycan tarixinin ən qara, ən faciəli səhifələrindən olan repressiya illəri qədər dəhşətli, müdhiş və qanlı dövr təsəvvür etmək, bəlkə də çətindir. Çünki bu dövr bir millətin ən dəyərli, intellektual, ziyalı təbəqəsinin köklü məhvinə hesablanmışdı. O illər Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlanmışdı ki, o plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulurdu... Ölüm və cəza maşını fasiləsiz işləyirdi. Hər bir “xalq düşməni”nə “məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı. Bu hesabla 1937-1938-ci illərdə bir saatda 4 adamın güllələnməyə məhkum edildiyini və beləliklə, nə qədər zəka sahiblərinin – azərbaycanlıların güllələndiyini hesablamaq heç də çətin deyil...

Bütün bunlar - dərddən ürəyin partlamaq səviyyəsinə çatması, qəlbin para-para olması, nitqin quruması... isə sözün bitdiyi məqamlar idi... Cəlal Qasımov bütün insanların qəlbinə yara vuran, minlərlə ailəni dağıdan, bütöv bir xalqın üzərinə müsibətlər ələyən o illərin əbədi tədqiqatçılarından biri, bəlkə də birincisidir. C. Qasımov o müdhiş repressiya illərini və qurbanlarını ürək ağrısı ilə, məqalələrə, kitablara çevirib xalqa çatdıra bilib. Cəlal Qasımov zaman-zaman başına olmazın bəlaları gətirilən qədim bir xalqın qan yaddaşını təzələmək məramı ilə əlindən gələn bütün vasitələrdən istifadə edib: günlərinin çoxunu arxivlərdə keçirib, oradakı, demək olar ki, hər bir qovluğa nəzər salıb, müxtəlif yerlərə ezamiyyətlərdə olub, bu yolda nələr mümkünsə, onları da edib. Görünür, bu səbəblərdən kitabın elmi redaktoru və ön sözün müəllifi, AMEA-nm vitse-prezidenti, Millət vəkili akademik, İsa Həbibbəyli Cəlal Qasımovun bu kitabına yazdığı “Ön söz”də Cəlal Qasımovu “Repressiya və ədəbiyyat mövzusunun Qulam Məmmədlisi” adlandırıb. Akademik İsa Həbibbəyli “Ön söz”də yazır: ”Sovet hakimiyyətinin böyük bir dövrü ərzində repressiya və ədəbiyyat məsələsi “tamamilə məxfidir” qrifi ilə qadağan edilmiş mövzu olmuşdur.... Bu gün tanınmış repressiyaşünas alim, filologiya elmləri doktoru, professor Cəlal Qasımov uzun illər ərzində qəti qadağan olunmuş bu mühüm problemin araşdırılması istiqamətində ilk addımlarını atmışdır. “Ədəbi məhkəmələr”in tədqiq edilməsi ilə ədəbiyyatşünaslıq fəaliyyətinə başlayan Cəlal Qasımov ardıcıl olaraq Azərbaycan ədəbiyyatının repressiya qurbanı olmuş tanınmış simalarının “açılmamış arxivlərinin” qapısını döymüş, az qala “əl vurma, öldürər” vahiməsinə çevrilmiş qovluqların qatlarını açmağa nail olmuşdur. Arxivlərdə Cəlal Qasımovun girmədiyi fond, açmadığı qovluq qalmamışdır. Beləliklə, Azərbaycan ədəbiyyatşü-naslıq elmində xüsusi olaraq repressiyaşünaslıq elmi istiqamətinin yaradılmasına başlanılmışdır. Heç tərəddüd etmədən qətiyyətlə demək olar ki, filologiya elmləri doktoru, professor Cəlal Qasımov Azərbaycan humanitar elmləri sahəsində repressiyaşünaslıq elmi istiqamətinin əsas yaradıcılarından biridir.”

“Xalid Səid Xocayev” kitabında tanınmış türkoloq alim Xalid Səid Xocayevin həyatı və yaradıcılığı arxiv materialları əsasında tədqiq edilmişdir. Kitabda daha çox X.S.Xocayevin Birinci Türkoloji Qurultayın keçirilməsi istiqamətində gördüyü işləri qabarıq şəkildə verilmişdir. Cəlal Qasımov “Xalid Səid Xocayev”adlı monoqrafiyasında həmçinin X. S. Xocayevin tərcümələri, elmi-publisistik əsərləri və onların taleyi barədə oxuculara geniş məlumat verir. Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd dairəsinin Koş- kurqan kəndində, ruhani ailəsində anadan olmuşdur. O, əslən özbəkdir. İlk təhsilini mədrəsədə aldıqdan sonra İstanbul Universitetini bitirib və oradan qayıtdıqdan sonra SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərslik-lərin müəlliflərindəndir. Sağlığında "Türk dillərinin müqayisəli qrammatikası" (Bakı, 1926), "Müxtəlif üslubiyyat" (Bakı 1934) kimi əsərləri nəşr olunub.

1937-ci il iyunun 3-də X.S.Xocayev həbs edilir. Həmin ilin oktyabrın 12-də son iclasda X.S.Xocayev Azərbaycan SSR CM-nin 68-ci maddəsi üzrə "əksinqilabi pantürkist təşkilatın üzvü kimi həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs" damğası ilə ittiham olunaraq güllələnməyə məhkum olunub. 1937-ci ildə Xalid Səid Xocayev həbs olunduqdan sonra Mahmud Kaşğari divanının 1500 səhifəlik əlyazması NKVD tərəfindən müsadirə olunub və bu günə kimi də həmin əlyazmanın taleyi qaranlıq qalır.

1954-cü ilin dekabrında S.R.Xocayeva həyat yoldaşı X.S.Xocayevin işinə yenidən baxılmasını xahiş edib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərarına görə 1937-ci il oktyabrın 12-də çıxarılan hökm ləğv olunub və cinayət tərkibi olmadığına görə işə xitam verilib.

1920-1950-ci illər Azərbaycan ziyalılarının mənəvi sarsıntı və stress illəri idi. Yeni cəmiyyətin qarşısına qoyduğu məqsədlərdən biri də yeni ziyalı nəsli yetişdir-mək və onları öz ideyalarının daşıyıcısına çevirmək idi. Bu, yeni ziyalı nəsli demokratik yox, diktator rejiminin ağrılarını yaşaya-yaşaya yetişirdi. Sosializm qəlibinə sığmayanlar, xalqın, millətin tarixini, mədəniyyətini, adət-ənənəsini yaşadanlar və yaradıcılıqlarında irslə varis, dünənlə bu gün arasına körpü atanlar Stalinin və onun əyalətdəki qullarının qəzəbinə düçar olurdular. İrtica və istibdad prosesi iki yolla –dövri mətbuatda, yığıncaqda, plenum və qurultaylarda ifşa və təhlükəsizlik orqanlarının təcridxanalarında ittihamla həyata keçirilirdi.

XDİK-in (NKVD) rəhbərliyində olan və əsasən ermənilərdən ibarət quldur dəstəsinin: Sumbatovun, Borşovun, Gerasimovun, Qriqoryanın, Markaryanın, Qalstyanın, Avanesyanın, Sinmanin, Atakişiyevin əli ilə, təxminən, 50 mindən çox Azərbaycan ziyalısı – alim, şair, yazıçı, artist, müəllim, din xadimi, Sovet və partiya idarələrinin milli ruhu daşıyan əməkdaşları, hərbçilər–bir sözlə, bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri, o cümlədən Xalid Səid Xocayev də görünməmiş bir qəddarlıqla məhv edildi. Bu, xalq üçün ağır bir dərd, fəlakət idi. Dərdin isə yalnız və yalnız bir üzü və bir rəngi vardı-qan rəngi...

C. Qasımov yazırdı: “X.S.Xocayev 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayının da fəal iştirakçılarından olur. O, Birinci Türkoloji Qurultayın nümayəndələri ilə görüşlər keçirir, yeni əlifbanın qəbul edilməsi istiqamətində yorulmaz təbliğatçılardan birinə çevrilir.

Xalid Səid Xocayevin əsasən türkologiya sahəsindəki elmi fəaliyyəti onu «əksinqilabi pantürkist-millətçi təşkilatın üzvü kimi» 1920-ci illərin sonu və 30-cu illərin əvvəllərindən etibarən sovet təhlükəsizlik orqanlarının diqqət mərkəzinə salmışdır. Dövri mətbuatda nəşr olunan sifarişli yazılar və Azərbaycanın «pantürkist» ziyalıları ilə birgə ittihamlar onu qəzet səhifəsindən məhbəsə gətirib çıxarır... Turançılığa aparan yol isə bolşevik məhbəsindən keçirdi.”

Mərhum professor Cəlal Qasımovun “Xalid Səid Xocayev” kitabının əsas ideyası, başlıca qayəsi milli-mənəvi dəyərlərimizin sovet totalitarizmi dövründəki fəaliyyət göstərən və faciəli tale yaşayan ziyalılarımızdan birinin- Xalid Səid Xocayevin həyatı timsalında qan donduran Stalin repressiyalarını olduğu kimi oxuculara çatdırmaq olmuşdur. Müəllif yazırdı: ”İmperiya yaxşı dərk edirdi ki, mənəvi dirilik sakitliyi sevmir, o, kükrəməyi, püskürməyi, ayıq qalmağı sevir. Sabitlik yaratmaq üçün diriliyi –müstəqil düşünməyi, milli əxlaqı məhv etmək lazım idi.”

Həqiqətən də, həmin illərdə Azərbaycan ziyalı kontingenti ən mərd fərdlərini, Azərbaycan elmi isə yüzlərlə alimini, o cümlədən Xalid Səid Xocayevi itirdi. Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində böyük fəlakətlər, faciələr yaşandı. Biz hələ də o illərdə günahsız yerə güllələnən ziyalılarımızın heç də hamısının harda dəfn olunduğunu bilmirik.

C. Qasımov “Xalid Səid Xocayev” monoqrafiyasında o dövrdə baş verənlərə bu günün prizmasından obyektiv şəkildə baxa bilmiş və nəticədə Xalid Səid Xocayevin həyatının, demək olar ki, bütün dövrlərini təsirli səhnələrlə, yaddaqalan epizodlarla təsvir edə bilmişdir. Cəlal Qasımovun “Xalid Səid Xocayev” monoqrafiyası son illər ədəbiyyatımızda repressiya qurbanları mövzusunda yazılan əsərlər içərisində özünəməxsus bir yer tutur.

Cəlal Qasımov insanlığı ilə alimliyi ilə bir-birini tamamlayan, mənəviyyatını bir sıra aşınmalardan qoruyub saxlamağı bacaran nadir, eyni zamanda xoşbəxt elm xadimlərimizdən idi. Bu cəhətdən C. Qasımovun bir şəxsiyyət kimi xoşbəxtliyinin mayasında onun milliliyi, vətənsevərliyi, müqəddəs bildiyi dəyərlər, bəşəri duyğular və onun hər insanda olmayan zəhmətkeşliyi dayanırdı.

Bütün həyatını humanitar-filoloji elmin inkişafına və gələcəyinə həsr etmiş Cəlal Qasımov hər zaman elmi içtimaiyyətin və xalqının diqqət mərkəzində olmuş, böyük hörmət qazanmışdır. Buna görə də bu nurlu insanın, dəyərli ziyalının əziz xatirəsi onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaqdır. Allah rəhmət eləsin.

Tahir Orucov

Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.